ABŞ-ın baş infeksionisti bədbin danışır
Dünya hələ yeni koronavirus pandemiyasının ilkin mərhələsindədir. Bu fikri ABŞ-ın baş infeksionisti, koronavirusla mübarizə üzrə işçi qrupunun baş eksperti doktor Entoni Fauçi səsləndirib.
“Biz Braziliya və Cənubi Afrika Respublikasında və indi də Asiyada koronavirusa kütləvi yoluxma hallarını müşahidə edirik. Biz çox güman ki, zəifləmədən öncə güclənəcək qlobal pandemiyanın hələ başlanğıcındayıq”, – deyə baş infeksionist bildirib.
Onun sözlərinə görə, dünya ölkələri pandemiyanın qarşısını almaq üçün birlikdə koordinasiyalı tədbirlər görməsə, virus daha bir neçə ay aktiv yayılacaq. Entoni Fauçi, həmçinin hökumətin ABŞ-da koronavirus infeksiyasının qarşısını almaqda aciz olduğunu etiraf edib. “Bəzi ştatlar fəaliyyəti bərpa etmək üçün tələsdilər və məhdudiyyətləri tez aradan qaldırdılar. İnsanların çoxu, əsasən də gənclər tövsiyələrə əməl etmədilər. Nəticədə Kaliforniya, Arizona, Florida və Texas kimi ştatlarda yoluxma halları artmağa başladı”, - deyə mütəxəssis əlavə edib.
ABŞ həm COVİD-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.
Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, hazırda Birləşmiş Ştatlarda 3,2 milyondan çox yoluxma və 135 mindən çox ölüm faktı qeydə alınıb. 1,4 milyon nəfər koronavirus xəstəliyindən sağalıb.