Tovuz istiqamətində Ermənistanın ölkəmizə qarşı növbəti təxribatından sonra Türkiyədə fəaliyyət göstərən azərbaycanlı diaspor təşkilatlarının onlarla nümayəndəsi Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin iştirakı ilə videokonfransa qatılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı barədə danışıb, düşmənin qəfil və xain hücumu nəticəsində hərbçilərimizin və mülki şəxslərin həlak olduğu və yaralandığı, Azərbaycan Ordusunun bu təxribata layiqli cavab verdiyi barədə ətraflı məlumat verilib.
Döyüşlərdə şəhid olan hərbçilərimizin qəhrəmanlıqlarından bəhs olunub və onların xatirəsi yad edilib.
Bu ağır günlərdə hər zaman olduğu kimi, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün dövlət rəsmilərinin və türk xalqının Azərbaycanın yanında olduğunu, qəti mövqe sərgilədiyini vurğulayan komitə sədri bildirib ki, 15 iyul həm də qardaş ölkədə dövlət çevrilişi cəhdinin qarşısının alınmasının növbəti ildönümüdür və bu yolda canlarını verən qəhrəman türk övladlarının əziz xatirəsini dərin hörmətlə anırıq.
Müzakirələr zamanı Türkiyədə yaşayan soydaşlarımız diaspor təşkilatlarının bir araya gəlməsinə, koordinasiya şurasının yaradılmasına, vahid platforma üzərindən hərəkət etməyə böyük ehtiyac olduğunu bildiriblər. Azərbaycan diasporunun həyata keçirdiyi tədbirlərin koordinasiyalı şəkildə dünyada işıqlandıracaq media orqanının (qəzet, internet saytı və onlayn media qrupu) yaradılması ilə bağlı razılığa gəlinib. Tədbir iştirakçıları bildiriblər ki, Qərbə və türk icmalarına dəqiq və səhih məlumatların çatdırılması üçün Dövlət Komitəsinin informasiya dəstəyi göstərməsi olduqca vacibdir.
Ermənistanın ölkəmizə qarşı törətdiyi və planlaşdırdığı təxribatlar, Azərbaycan həqiqətləri ilə bağlı dürüst informasiyaların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması kimi məsələlərdə dünyadakı türk icması ilə birgə fəaliyyət göstərməyin əhəmiyyəti vurğulanıb.