Şota Rustaveli adına Gürcüstan Teatr və Kino Universitetinin təşkilatçılığı ilə “İncəsənət və müasirlik” mövzusunda İncəsənət tədqiqatçılarının XIII Beynəlxalq elmi konfransı keçirilib. Tbilisidə keçirilməsi planlaşdırılan konfrans COVİD-19 pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə “Google Hangout Meet” platforması üzərindən təşkil edilib.

Bu barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) məlumat verilib. Gürcüstan, Almaniya, Polşa, Litva, Bolqarıstan, Rumıniya, Qazaxıstan, Ukrayna və Belarusdan teatr mütəxəssislərinin qatıldığı elmi konfransa ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov da iştirak edib. Azərbaycanlı teatrşünasın “XX əsrin teatrı. Teatrdan qeyri-teatra doğru” mövzusunda məruzəsi maraqla qarşılanıb.

Onlayn konfrans A.Kutateladze adına Tbilisi Dövlət İncəsənət Akademiyası və V.Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının dəstəyi ilə gerçəkləşib.