AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov İstanbulun Süleymaniyyə Kitabxanasından və Tehran Milli Kitabxanasından XV-XVI əsrlərdə yaşamış Azərbaycan şairi Məhəmməd Bəsirinin lirik şeirlər toplusu – divanının avtoqraf nüsxələrini əldə edib.

Əlyazmalar İnstitutundan verilən məlumatda qeyd  olunur ki, 1466-1534-cü illərdə yaşadığı ehtimal edilən Bəsirinin gənclik illəri Ağqoyunlu hökmdarlarının sarayında keçib. Şair 1487-ci ildə Xorasana – Herat şəhərinə səyahət edib. Hüseyn Bayqara, Əlişir Nəvai və Əbdürrəhman Caminin rəğbətini qazanan Bəsiri qayıtdıqdan sonra Türkiyəyə köçüb, orada da vəfat edib. Türkiyə müəlliflərinin təzkirələri onun yaradıcılığının yerli ədəbi mühitə təsir etdiyi barədə məlumat verir.

İndiyədək Azərbaycanda şairin cəmi bir neçə şeiri məlum idi. Bəsiri divanının İstanbul nüsxəsinin əvvəlində onun farsca şeirləri, sonra isə 1 qəsidə və 46 qəzəli yer alıb. Şairin divanının Tehran nüsxəsi də farsca şeirlərlə başlanır. Burada Azərbaycan türkcəsində 4 qəsidə və 74 qəzəl var. Şairin Ağqoyunlu və Osmanlı hökmdarlarına, yüksək vəzifəli şəxslərə həsr etdiyi qəsidələr onun yaşadığı dövr haqqında daha ətraflı məlumat öyrənməyə kömək edir.

Əlyazmalar İnstitutunun məlumatında bildirilir ki, əldə olunan nümunələr əsasında Bəsirinin şeirlər toplusunu nəşr etdirmək nəzərdə tutulur.