Koronavirus pandemiyasından sonra kasıblığın artması və təhsil sahəsinə büdcə xərclərinin azaldılması səbəbindən dünyada ən azı 9,7 milyon uşaq ilin sonunadək təhsilini dayandıra bilər. Bu barədə məlumat “Save the Children” beynəlxalq xeyriyyə təşkilatının məruzəsində əksini tapıb.
Məlumata əsasən, koronavirus pandemiyası səbəbindən yaxın 18 ayda bəzi kasıb ölkələrdə təhsil xərcləri təxminən 77 milyard dollar azalacaq. Bu səbəbdən 40 ölkədə yaşayan uşaqlar təhsilini birdəfəlik dayandıraraq pul qazanmaq məcburiyyətində qala bilər. Hazırda ən mürəkkəb vəziyyət Afrikanın 10-a yaxın ölkəsində, həmçinin Yəmən və Əfqanıstanda qeydə alınıb.
Pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə təhsil müəssisələrinin bağlanması ibtidai və orta məktəblərdə oxuyan 1 milyarddan çox uşağa təsir edib. Onların 500 milyonunun distant təhsil almaq imkanı yoxdur.
Məruzə müəllifləri milli hökumətləri və donor-təşkilatları təhsilə əlavə vəsait ayırmağa çağırıb. Dünya Bankı bu məqsədlə 35 milyard dollar ayıracaq. Kommersiya kreditorları kasıb ölkələrdən ödəniş almağı dayandırsa, bu, əlavə olaraq təhsil sahəsinə 14 milyard dollar ayırmağa imkan yaradacaq.
Qeyd edək ki, mənzil-qərargahı Londonda yerləşən “Save the Children” beynəlxalq xeyriyyə təşkilatı bütün dünya üzrə uşaqlara qida və yaşayış yeri əldə etmək, həmçinin təhsil və səhiyyə xidmətləri almaq üçün yardım edir. Onun fəaliyyəti milli hökumətlər, iri kommersiya kompaniyaları və fərdi xeyriyyəçilər tərəfindən maliyyələşir. Təşkilat 2018-ci ildə 2,2 milyard dollardan çox vəsait cəlb etməyə nail olub.