Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib.

Müraciətdə deyilir: “Əziz soydaşlarımız! Son bir həftə ərzində erməni təxribatçılarının Azərbaycan ərazisinin Tovuz istiqamətində hücumlarına Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında bütün istiqamətlərdə  lazımi cavablar verilməkdədir. Sizin Ermənistanın bu çirkin niyyətini ifşa edərək yerli ictimaiyyətə çatdırmaqda xüsusi rolunuzu qeyd etmək istəyirik. İşğalçı dövlət bu çirkin əməlləri ilə həm də mülki əhalini hədəf alıb və müxtəlif vandalizm aktları həyata keçilib. Azərbaycan ordusunun təxribatçıya endirdiyi zərbələr kimi, siz də ordumuza dəstək olaraq xüsusi birlik nümayiş etdirmisiniz”.

Müraciətdə diqqətə çatdırılır ki, bu günlər ümumilikdə 25 ölkədə 100-ə yaxın müxtəlif diaspor təşkilatı və fəalları 100-ə qədər bəyanat verib. 20 ölkədə 14 dildə 70 məqalə və xəbər çap edilib. Ümumilikdə 20 xarici ölkədə 41 aksiya keçirilib. Bu aksiyalar davam etdiriləcək: “Xüsusi olaraq vurğulayaq ki, Ermənistan işğalçı siyasətini həyata keçirən zaman bəzi ölkələrdə ermənilər tərəfindən  Azərbaycan səfirliklərinin qarşısında icazəsiz aksiyalar keçirməyə cəhdlər olub. Amma sizin birlik nümayiş etdirərək çevik müdaxiləniz nəticəsində bu aksiyaların qarşısı qətiyyətlə alınıb”.

Dövlət Komitəsi bildirir ki, soydaşlarımız yaşadıqları ölkələrin qanunlarına riayət edərək, yalnız icazəli aksiyalar keçirir. Bu, onun göstəricisidir ki, azərbaycanlılar  öz haqq səsini dünyaya çatdırarkən yaşadıqları ölkələrin qanunlarına əməl edir, sivil qaydalar çərçivəsində hərəkət edirlər.

“Bu gün bütün ölkələrdəki soydaşlarımız ayaqdadır. İş adamları, elm adamları, tələbələr, diaspor təşkilatları, diaspor fəalları – bir sözlə, Vətənin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı Azərbaycana bacardığı dəstəyi nümayiş etdirir”.

Komitə xaricdəki soydaşlarımızı yalnız Azərbaycan Respublikasının dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmağa çağırır: “Azərbaycanın müstəqilliyini, dövlətçiliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizinlə fəxr edirik!”.