Rusiya Elmlər Akademiyası Sibir şöbəsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun ikidilli impakt faktorlu “Avrasiyanın arxeologiyası, etnoqrafiyası və antropologiyası” elmi jurnalında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, arxeoloq Pərviz Qasımovun “Azərbaycan Respublikası ərazisində İlk Tunc dövrünün kurqanaltı sərdabələrinin mədəni mənsubiyyət problemi” adlı elmi məqaləsi dərc edilib.

Məqalə rus və ingilis dillərində çap olunan jurnalın 48-ci cildinin 2-ci nömrəsində yer alıb. Qeyd edək ki, sözügedən jurnal “Scopus” və “Web of Science” beynəlxalq elmi bazalarına daxildir.

İnstitutdan bildirilib ki, məqalədə Azərbaycanın şimal-qərb regionunda, Kiçik Qafqazın şərq ətəklərində qeyd edilən və elmi dövriyyəyə “kurqanaltı sərdabələr” kimi daxil olan özünəməxsus kurqan tipli qəbir abidələrini yaratmış İlk Tunc dövrü əhalisinin Kür-Araz mədəniyyətinə aidiyyəti problemi qaldırılıb.

Qeyd edək ki, uzun müddət bu abidə tipi İlk Tunc dövrünün son mərhələsinə aid edilirdi. Lakin tarix üzrə fəlsəfə doktoru, arxeoloq Bəxtiyar Cəlilovun Uzun Rəmə və Şadılı “kurqanaltı sərdabələr”ində apardığı tədqiqatlar nəticəsində aşkar etdiyi tapıntıların müvafiq radiokarbon analizləri bu tip abidələrin İlk Tunc dövrünün başlanğıc mərhələsinə aid olduğunu göstərdi.

Avropalı tədqiqatçıların da iştirak etdiyi beynəlxalq arxeoloji tədqiqatlar “kurqanaltı sərdabələr”in  arxeometrik araşdırılmasına geniş imkanlar açıb. Eyni zamanda tədqiqatçılar bu abidələri yaratmış qədim əhalinin ilkin Kür-arazlılar olması barədə fikir irəli sürmüşlər. P.Qasımovun məqaləsində isə bu fikrin mübahisəli olduğu bildirilir. Göstərilir ki, bu tip kurqanlar və bu abidələrdən tapılmış artefaktlar Kür-Araz mədəniyyətinin nə ilk, nə də inkişaf etmiş mərhələsində izlənilmir. Kurqanaltı sərdabələrdən aşkar edilmiş keramik məmulatlar dəfn üçün hazırlanaraq əsasən son Xalkolit dövrünün Ubeyd-Uruk keramikası ilə paralellərə malikdir.

Müəllifə görə, Türkmənistan ərazisində aşkar edilmiş həmdövr “tolos” tipli kollektiv dəfnli sərdabələrlə (Namazqa III dövrü) “kurqanaltı sərdabələr” arasında dəfn ənənələri üzrə paralellər mövcuddur. Amma məkan və zaman üzrə “genetik əlaqələndirici abidələr” aşkar edilmədiyindən hər iki abidələr qrupunun eyni kökdən və ya birinin digərindən miqrasiya yolu ilə törəməsi barədə qəti fikir irəli sürmək mümkün deyil.

P.Qasımovun irəli sürdüyü işçi hipotezə görə, bu tipli dəfn ənənəsinin kökləri hələ ki aşkar edilməyib. Lakin keramik məmulat əsasən Xalkolit dövründə İkiçayarasından yayılmış Ubeyd-Uruk mədəniyyətinin yerli təzahüründən qaynaqlanır. Elmi analizlərə görə, abidələri yaratmış yerli əhalinin süni təpə altında kollektiv dəfn ənənəsi eramızdan əvvəl XXXIV əsrdə meydana gəlib və Kür-Araz mədəniyyətinin Cənubi Qafqazın cənub-qərbindən Xəzər sahili ərazilərə doğru hərəkəti ilə əlaqəli eramızdan əvvəl XXXI-XXX əsrlərdə tarix səhnəsindən çıxıb. Ənənənin qeybinin assimilyasiya, dini görüşlərin dəyişməsi və ya digər səbəblərlə (yoluxucu xəstəlikdən, aclıqdan depopulyasiya və s.) əlaqələndirilməsi üçün arxeoloji və arxeometrik tədqiqatlara böyük ehtiyac var.