Polşanın “Qes Agentliyi” nəşriyyatı və Kalisz şəhərindəki Dövlət Şəhər Kitabxanası Marcin Mixal Visoskinin (Marcin Michal Wysocki) “Bakı, Moskva, Varşava” adlı kitabına resenziya üçün müsabiqə elan edib.

Kitab Bakıda doğulub yaşamış, Moskvada ali təhsil almış, işləmək üçün Varşavaya köçmüş və həyatını bu şəhərlə bağlamış azərbaycanlı rəssam barədədir.

Kitabdakı hadisələrin və baş qəhrəmanın həyatı fonunda Azərbaycanın mədəniyyəti, kulinariyası, adi bakılıların gündəlik həyat tərzi barədə maraqlı məlumatlar verilir. Hadisələr ötən əsrin 70-ci illərindən başlayaraq bu günümüzədək davam edir.

Marcin Mixal Visoski 1965-ci ildə Varşavada anadan olub. İqtisadçı alim, yazıçı, tərcüməçidir, həmçinin özünü bəstəkar və teatr rejissoru kimi sınayıb. Tarixi mövzuda əsərlərin müəllifidir.