Prezident İlham Əliyev iyulun 22-də Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələrinin mükafatlandırılması ilə bağlı sərəncamlar imzalayıb.

Dövlət başçısının sərəncamlarına əsasən, 3 nəfərə Prezidentin fərdi təqaüdü, 2 nəfərə Əməkdar mədəniyyət işçisi, 38 nəfərə Əməkdar jurnalist fəxri adları verilib.

Prezidentin digər sərəncamları ilə bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 3 nəfər “Dostluq” ordeni, 67 nəfər “Tərəqqi” medalı, 22 nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Dövlət başçısının daha bir sərəncamı Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması barədədir. Sərəncama əsasən, ölkədə nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək və milli mətbuatın 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300 min manat, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Milli Televiziya və Radio Şurasına 3 milyon manat ayrılıb.