Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Vətən sevgisi, vətəndaşlıq yanğısı” adlı virtual görüş keçirib.

Sosial şəbəkə üzərindən təşkil edilən tədbirin qonağı tanınmış uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevinc Nuruqızı olub. Görüşdə S.Nuruqızı Vətən uğrunda canlarından keçən şəhidlərimiz haqqında söhbət açaraq uşaqlar üçün yazdığı vətənpərvərlik mövzusunda şeirlərini izləyicilərə səsləndirib.

Xətai rayon MKS #genclerinifasindaqarabagsevgisi adlı yeni çağırışa start verib. Bu çağırışın ilk ifaçısı Xalq artisti Gülyanaq Məmmədovanın yetirməsi Teymur Əziz olub. Onun ifasında Xalq artisti, müğənni, bəstəkar Niyaməddin Musayevin “Vətən oğlu” mahnısı səslənib.

***

Respublika Gənclər Kitabxanasının “Sevilənlər – sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar davam edir. Növbəti belə görüş Bakı Dövlət Universiteti İnsan hüquqları və informasiya hüququ kafedrasının (UNESCO kafedrası) müəllimi, dosent Əlövsət Allahverdiyev ilə keçirilib.

Canlı yayım müsahibə xarakteri daşıyıb, qonaq aparıcının və istifadəçilərin suallarını cavablandırıb. Sonda Əlövsət Allahverdiyev gənclərimizdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət göstərən belə səpkili canlı yayımların təşkilinə görə Respublika Gənclər Kitabxanasına minnətdarlığını bildirib.