Layihənin növbəti tədbiri Mirzə Məzun Qaşqayiyə həsr olunub
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən həyata keçirilən “Türk dünyası öncülləri” layihəsinin 18-ci tədbiri Qaşqay türklərinin tanınmış şairi Mirzə Məzun Qaşqayinin 190 illiyinə həsr olunmuşdu. Tədbir iyulun 28-də TÜRKSOY-un Ankaradakı baş qərargahından təşkilatın “Facebook” səhifəsi üzərindən videokonfrans vasitəsilə keçirildi.
Görüşə moderatorluq edən TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı iştirakçıları salamladı.
Sonra açılış nitqi ilə çıxış edən qurumun baş katibi Düsen Kaseinov “Türk dünyası öncülləri” layihəsinin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, bu tədbirlərlə ortaq tariximizin önəmli şəxsiyyətlərinin qoyub getdiyi mədəni mirası yaşatmağa çalışırıq: “Bir çox mədəniyyətləri özündə birləşdirən İran türklərin, eyni zamanda oğuzların mədəni mirasının mərkəzi olub. Bölgədə yaşayan Qaşqay türkləri də, başqa türk xalqları kimi, sənətsevər olublar, ədəbiyyat sahəsində bir çox şəxsiyyətlər yetişdiriblər. Onlardan biri də Mirzə Məzun Qaşqayidir”.
TÜRKSOY-un baş katibi şairin həyat və yaradıcılığından söz açaraq bildirdi ki, o həm də fars və lor dillərində yazıb, hikmət və irfan şairi kimi tanınıb.
Tədbirin panel hissəsində Əskişəhər Osmanqazi Universitetinin müəllimi Dilek Erenoğlu Ataizi “Qaşqay türklərinin dili” mövzusunda çıxış etdi. Qeyd etdi ki, Qaşqay türklərinin dili nə qədər Azərbaycan türklərinin dilinə bənzədilsə də, özünəməxsus xüsusiyyətləri var. Natiq bir sıra elm adamlarının, dilçilərin qaşqay dili ilə bağlı fikirlərindən də bəhs etdi.
Osmanqazi Universitetinin müəllimi Ferzane Devletabadi “Qaşqay türklərinin ədəbiyyatı” mövzusunda məruzə etdi. Bildirdi ki, Qaşqay türklərinin şifahi ədəbiyyatı bu xalqın İran coğrafiyasında varlığını, dilini qoruyub. Qeyd etdi ki, XIX əsrin əvvəlinə qədər Qaşqay türklərinin yazılı əsəri olmayıb. Yazılı ədəbiyyatın əsasını Mirzə Məzun Qaşqayi qoyub. Ondan sonra bu ənənəni ziyalılar davam etdirib. Natiq həmçinin Qaşqay şeiri və musiqisinin önəmindən bəhs edərək bildirdi ki, bu iki ünsür bir-birindən ayrılmazdı.
Proqramda Emad Hazrati, Cafer Eyvazi Yadikuri və digərləri də Qaşqay türkləri ilə bağlı çalışmalardan bəhs etdilər.
Sonda Mirzə Məzun Qaşqayinin şeirləri və Qaşqay türklərinin musiqi nümunələri səsləndii.
Mehparə SULTANOVA
Ankara