Xüsusi qabiliyyət tələb edən ixtisaslara (XQTİ) qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat müddəti avqustun 18-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, 2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin aşağıdakı ixtisasları üzrə qabiliyyət imtahanları təşkil ediləcək:

– Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin ixtisaslarına;

– Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin ixtisaslarına (musiqi nəzəriyyəsi və xor dirijorluğu ixtisasları istisna olmaqla);

– Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisaslarına;

– Naxçıvan Musiqi Kollecinin xanəndəlik, vokal sənəti, aşıq sənəti, xoreoqrafiya sənəti və rəngkarlıq ixtisaslarına;

– Digər orta ixtisas təhsili müəssisələrinin xanəndəlik və vokal sənəti ixtisaslarına.

Qabiliyyət imtahanları ləğv edilmiş XQTİ-lərə qəbul olmaq istəyən abituriyentlər müsabiqədə kolleclərə qəbul imtahanından (cari ilin məzunları buraxılış imtahanından) topladıqları bal əsasında iştirak edəcəklər.