COVİD-19 virusu ilə mübarizədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) xidmətinə dəstək məqsədilə Səhiyyə Nazirliyinin 814 Çağrı mərkəzi fəaliyyətə başlayıb.

Nazirliyin işçi qrupunun üzvü Sevda Məmmədova onlayn müsahibə zamanı 814 Çağrı mərkəzinin fəaliyyəti və məqsədləri haqqında məlumat verib.

Onun sözlərinə görə, Bakı şəhəri üzrə fəaliyyət göstərən 814 Çağrı mərkəzi koronavirusa yoluxma şübhəsi olan vətəndaşları dislokasiyaları üzrə məntəqələrə yönəldir, həkim məsləhətinə ehtiyacı olanlara yaşadıqları əraziyə aid olduğu tibb müəssisəsi barədə məlumat verir və vətəndaşların sahə həkimləri ilə əlaqələrini təmin edir. 814 Çağrı mərkəzi həftənin 6 günü (bazar ertəsi – şənbə), səhər saat 8-dən axşam saat 8-dək fəaliyyət göstərir.

İşçi qrupunun üzvü bildirib ki,  814 Çağrı mərkəzi tərəfindən poliklinikalarla əlaqə saxlama yolları və evdə müalicə prosesi ilə bağlı şikayətlər qeydə alınır. Çağrı mərkəzinə daxil olan müraciətlər, əsasən, evdə müalicə olunan ağır xəstələrə tibbi xidmətin göstərilməsi ilə bağlı olur. Bu kimi hallarda vətəndaşlara bildirilir ki, ağır simptomlu, məsələn, 38 və daha yüksək dərəcəli hərarəti olan xəstələr mütləq xəstəxanaya yerləşdirilib, stasionar müalicə almalıdır, çünki onların vəziyyəti dəyişkəndir və hər an ağırlaşa bilər. Ağır simptomlu və yüksək qızdırmalı COVİD-19 xəstələri 814 Çağrı mərkəzinə deyil, 103 nömrəsi vasitəsilə TTTY-yə müraciət etməlidir.

S.Məmmədova qeyd edib ki, yalnız sahə həkimi tərəfindən test etmək zərurəti təsdiq olunduqdan sonra səyyar tibbi xidmət COVİD-19 şübhəsi olan vətəndaşın ünvanına test almaq məqsədilə göndərilir.