Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində vəfat edib.

Fəttah Heydərovun vəfatı ilə bağlı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmilərinin adından rəsmi nekroloq yayımlanıb.

Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirib.

Nekroloqda qeyd edilir ki, Fəttah Heydərov Naxçıvan Muxtar Respublikasında müxtəlif vəzifələrdə çalışıb, 1976–1978-ci illərdə muxtar respublikanın Əhaliyə Məişət Xidməti naziri, 1978–1983-cü illərdə Ordubad və Culfa rayon partiya komitələrinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olub. 1990-cı ildə Naxçıvan MR Ali Sovetinin deputatı, 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Fəttah Heydərov böyük nüfuza malik el ağsaqqalı idi. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirib.

Fəttah Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı layiqincə qiymətləndirilib. O, 2008-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” və 2018-ci ildə “İstiqlal” ordenləri ilə təltif edilib.

İctimai xadim və səmimi insan Fəttah Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin.