“Azərbaycan Diaspor Könüllüləri”nin təşəbbüsü ilə formalaşmış “Karabakh is Azerbaijan!” milli platformasının beynəlxalq qanadı yaradılıb və xarici ölkələrin gəncləri arasında “Qarabağ Azərbaycandır!” şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib. Bu məqsədlə “Xarici ölkə gəncləri də “Qarabağ Azərbaycandır!” deyir” mövzusunda süjet hazırlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Karabakh is Azerbaijan!” “Youtube” kanalında yayımlanan videoçarxda Türkiyə, Çad, Hindistan, Qazaxıstan, Şimali Makedoniya, Niderland, Banqladeş, Özbəkistan və Pakistanı təmsil edən gənclər öz doğma dillərində “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər. Onlar həm də Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini, terrorçu və zorakılıq əməllərini pisləyiblər. Layihənin digər ölkə gəncləri ilə də davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 1 fevral tarixində Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında gənclərin könüllülük fəaliyyətinin təşviq olunması barədə tövsiyəsini əsas tutaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama start verib. Ötən müddət ərzində proqram üzrə bir sıra tədbir və layihələr, aksiyalar həyata keçirilib, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 50-dən çox ölkənin 10 mindən artıq deputatının elektron ünvanına Xocalı soyqırımının beynəlxalq miqyasda tanınmasını və bu faciəyə ədalətli siyasi-hüquqi qiymət verilməsini tələb edən kütləvi müraciətlər göndərilib. Diaspor könüllüləri ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənclərlə birlikdə “Facebook” və “Twitter”də Azərbaycan həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, cəbhədə baş verən təxribatlar haqqında minlərlə foto, video və digər məlumatlar paylaşıblar. “Azərbaycan Diaspor Könüllüləri”nin təşəbbüsü ilə “Qarabağ Azərbaycandır!” (Karabakh is Azerbaijan!) adlı “Youtube” kanalı yaradılıb. Hazırda müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərin platformaya cəlb edilməsi istiqamətində iş aparılır.