AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) akademiklərin fondu yaradılır. Fondda görkəmli akademiklər tərəfindən MEK-ə hədiyyə edilən şəxsi sənəd kolleksiyaları yer alacaq. Hazırda kitabxanada bu qəbildən Yevgeni Bertels, Boris Zaxoder, Yevgeni Paxomov, Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları saxlanılır.

Akademik kolleksiyaların tərkibinə elmi əsərlər, yaradıcılıq məhsulları, toplular, kitablar, konfrans materialları, e-nəşrlər, hədiyyə olunmuş avtoqraflı nəşrlər, şəxsi kitab kolleksiyası, fotosurətlər, reprint nəşrlər, albomlar, dövri mətbuat nümunələri və s. daxil ola bilər.

Kolleksiyalar beynəlxalq aləmdə qəbul edilmiş biblioqrafik standartlara görə kataloqlaşdırılacaq. Hər bir sənəd şəxsi möhürlə imzalanacaq, xüsusi inventar ştrix-kodu ilə (abreviatura) qeydiyyata alınacaq. Həmçinin biblioqrafik elektron məlumat bazaları yaradılaraq Mərkəzi Elmi Kitabxananın saytında istifadəçilərə təqdim olunacaq.