Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası özünün sosial şəbəkə səhifələrində mütəmadi olaraq Azərbaycanın Milli Qəhrəmanları haqqında materiallar paylaşır. Ötən müddətdə Fəxrəddin Cəbrayılov, Şükür Həmidov, Salatın Əsgərova, Albert Aqarunov, Fərid Əhmədov, Yuri Kovolyov, Şahlar Şükürov, Aqil Məmmədov və başqaları haqqında videoçarxlar hazırlanaraq sosial şəbəkə istifadəçilərinə təqdim edilib.

Kitabxananın “İnstagram” səhifəsində bu dəfə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında virtual kitab sərgisi təqdim olunub. Kitabxananın sosial şəbəkələr üzərindən həyata keçirdiyi “Tariximizin qəhrəmanlıq imzası” layihəsi çərçivəsində hazırlanan virtual sərgidə Mübariz İbrahimovun həyatı, döyüş yolu, qəhrəmancasına həlak olması, səngərdən ailəsinə yazdığı məktub əksini tapıb. Milli Qəhrəman haqqında qələmə alınan 10-dan çox kitab da sərgidə yer alıb.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 saylı filialı “Hər kitab bir dünyadır” layihəsində Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığına müraciət edərək “Dağlar arxasında üç dost” əsəri haqqında videoçarx hazırlayıb.

Kitabxananın “Facebook” və “İnstagram” səhifələrində yayımlanan videoçarxda yazıçının həyat yolu və zəngin yaradıcılığı haqqında geniş məlumat verilir. Vurğulanır ki, İlyas Əfəndiyevin yaradıcılığı çoxşaxəlidir. Ədib hekayələr, əmək qəhrəmanları haqqında oçerklər, irihəcmli romanlar, dramaturji cəhətdən bir-birindən fərqli olan çoxlu pyeslər qələmə alıb.

Xəzər rayon MKS-nin 2 saylı filialının təqdim etdiyi daha bir videoçarx bu il anadan olmasının 150 illiyi qeyd edilən  görkəmli yazıçı, dramaturq, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı haqqındadır. Videoçarxda qeyd olunur ki, Ə.Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxuduğu zaman başlayıb, M.F.Axundzadənin təsiri ilə “Hacı Daşdəmir” (1884) adlı kiçik bir pyes yazıb. Peterburqda təhsil alarkən “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) dramını və “Dağılan tifaq” (1896) faciəsini yazıb.

Ə.Haqverdiyev Bakıya qayıtdıqdan sonra da müəllimliklə məşğul olub, eyni zamanda tamaşalara rejissorluq edib, bədii yaradıcılığını da davam etdirib. Ədib “Bəxtsiz cavan” (1900) və “Pəri-cadu” (1901) faciələri ilə milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib.