Dünyada pandemiyadan xüsusilə böyük zərər görən sahələrdən biri də turizm sektorudur. Yayın sonuna doğru bəzi ölkələrdə sektor qismən hərəkətə gəlsə də, 2020-ci ili turizm üçün itirilmiş il hesab etmək olar.
Turistik mövsümü bir qayda olaraq mart-apreldə açan və ötən il təkcə Rusiyadan 6 milyondan çox turist qəbul edən Türkiyə bu il ilk rusiyalı qonaqları avqust ayında qarşılayır. Üstəlik, Türkiyə, bir sıra turistik ölkələrdən fərqli olaraq, ölkəyə istirahətə gələnlərdən neqativ koronavirus testinə dair arayış da tələb etmir. Turistlər sadəcə hava limanında şəxsi məlumatlar, gəldikləri təyyarədəki yerləri və harada istirahət edəcəkləri barədə xüsusi anket dolduracaqlar. Həmçinin, hava limanında pasport yoxlaması zamanı hər kəsin hərarəti ölçüləcək.
Bu arada Avropanın bir çox ölkəsində xəstəliyin səviyyəsinin artması hakimiyyət orqanlarını Aİ-nin xarici və daxili sərhədlərini yenidən bağlamaq barədə düşünməyə məcbur edir. Xatırladaq ki, ittifaq daxilində sərhəd keçidi bərpa edildikdən sonra Aİ daha 13 ölkə ilə də sərhədləri açıb.
Sərhədlərin açılmasından sonra yoluxma sayının artması barədə danışan Fransanın Səhiyyə naziri Olivye Veran xəbərdarlıq edib ki, bundan hər hansı vasitə ilə qaçmağa çalışmaq lazımdır. O, həmçinin bildirib ki, ölkə təkrar lokdauna (sərt karantin) getmək istəmir, lakin virusla savaşın sonu hələ çox uzaqdadır.
Avropanın ən böyük turistik ölkəsi sayılan İspaniyada xəstəliyə tutulanların artması müşahidə edilir. Hakimiyyət orqanları ayrı-ayrı rayonlarda lokal lokdaunlar tətbiq edir. İspaniyanın turizm sektorunun əsas bazarı Böyük Britaniyadır (hər dörd turistdən biri ingilisdir), amma həmin ölkədən gələnləri ikihəftəlik məcburi karantin gözləyir, bu şərtlərdə isə səfər etmək istəyən olduqca azdır.
İspaniyada ümumi daxili məhsulun 13 faizi turizm sənayesi hesabına yaranır, ölkədə məşğulluğun da təxminən 13 faizi bu sahənin payına düşür.
Dünyanın digər hissəsində, Şərq yarımkürəsində əsas turistik istiqamətlərdən olan İndoneziyada hökumət Bali adasının turistlər üçün mərhələli şəkildə açılmasını dəstəkləyir. Bildirilir ki, sentyabrdan etibarən adanın əcnəbilər üçün açılması nəzərdə tutulur. Bali adası iyul ayında yerli turistlər üçün açılıb.