Bir ayda aktiv xəstə sayı dörd dəfə azalıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 12-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 824 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 058 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər vəfat edib, aktiv xəstə sayı 2269 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8054, ötən müddət ərzində isə ümumilikdə 804 513 test aparılıb.

Qeyd edək ki, iyulun ortalarından başlayaraq koronavirusa yoluxma və sağalma sayında müsbət dinamika davam edir. Avqustun 1-dən gündəlik yoluxma 300-dən, 5 avqustdan sonra 200-dən aşağı olub. Avqustun 9-da isə yoluxma sayı 100-ün altına düşüb ki, bu da may ayının birinci ongünlüyünün göstəricilərinə uyğundur.

Eyni zamanda bu müddətdə gündəlik sağalanların sayı yoluxma sayını 2-3 dəfə üstələyib. Nəticədə 16 iyuldan 12 avqustadək aktiv xəstə sayı dörd dəfə azalaraq 8575-dən 2269-a düşüb.