Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ‘’Bakı Taksi Xidməti’’ Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən “TX” modelli yeni 100 ədəd “London taksi”si Bakı sakinləri və şəhərin qonaqları üçün xidmətə hazırdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə yeni taksilərin xüsusiyyətləri barədə məlumat verib.

Bildirilib ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub. “TX” modelli yeni taksinin bir sıra üstünlükləri var. Bu model taksilər yanacaq əvəzinə elektriklə işləyir. Avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilər. Smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə ziyanın minimuma endirilməsi deməkdir.

Smart texnologiyaların (“Android” sistemi) geniş tətbiq edildiyi taksilər sürücülər üçün geniş imkanlar açır. Sürücülər bütün prosesi monitor vasitəsilə idarə edə bilir. Avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar ona müvafiq məlumatı ötürür.

Yeni taksilərin sərnişin kabinəsi digər “London taksi”lərindən fərqli olaraq daha genişdir və altı oturacağı var. İndiyədək paytaxtda işləyən London “TX4” modelləri 5 nəfərlikdir.

Avtomobillərdə USB portlar, “Wi-Fi” və GPS quraşdırılıb. Sürücü ilə sərnişin arasında əlaqəni minimuma endirmək üçün şüşə arakəsmə mövcuddur. Bu isə pandemiya dövründə təcrid və sosial məsafə baxımından da əlverişlidir. Kabinədə sürücü ilə əlaqə üçün xüsusi mikrofon, görmə qüsurlu sərnişinlər üçün brayl əlifbası ilə idarəetmə paneli, eşitmə əngəllilər üçün isə təlimat lövhəsi var. Avtomobil fiziki əngəllilər üçün pandusla təchiz edilib. Bu taksilərdə ödənişi pos-terminal vasitəsilə də həyata keçirmək mümkün olacaq.

Prezidentə məlumat verilib ki, hazırda paytaxtda ‘’Bakı Taksi Xidməti’’ MMC-nin 1200 taksisi sakinlərə xidmət göstərir.