İtaliyada yaşayan və orada vəfat edən opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bununla bağlı Dövlət  Miqrasiya Xidmətinə müraciət olunub.

Mərhumun nəşinin Vətənə gətirilməsi üçün şəxsi pasport məlumatlarına ehtiyac var. O, sonuncu dəfə 2000-ci ildə pasport alıb. Arxiv məlumatlarını əldə etdikdən sonra müvafiq sənədlər toplanaraq İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət olunacaq.

Eldar Əliyev 1971-ci il iyunun 28-də Bakıda anadan olub. Vokal istedadı orta məktəb illərində üzə çıxıb. 1991-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olub. Vokal üzrə ilk müəllimi Kamal Kərimov olub.

1992-ci ildə Mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə İtaliyaya oxumağa göndərilib. Müsabiqə ilə Ozimo Musiqi Akademiyasına qəbul olunub. Bir il orada oxuduqdan sonra Milan şəhərindəki məşhur “La Skala” teatrının himayəsində təşkil edilən kurslarda təhsil almaq üçün müraciət edib və təqaüd qazanıb. “La Skala”da müəllimi məşhur vokalçı Karlo Berqonsi olub.

“La Skala”da təcrübə keçərkən daha bir nailiyyət əldə edib. Trevizoda keçirilən Toti del-Monte adına Beynəlxalq müsabiqədə mükafat qazanıb.

Bundan sonra onun böyük səhnələrə yolu açılır. Eldar Əliyev 1994-cü ildən 2005-ci ilədək Milanda “La Skala”, Lozannada “Theatre Municipal”, Boloniyada “Teatro Comunale”, Berlində “Staatsoper Unter den Linden”, Münxendə “National Theater”, Venesiyada “Teatro La Fenice”, Parisdə “Opera National” Londonda Kral Operası – “Covent Garden”, Brüsseldə “Theatre de la Monnaie”, Romada “Teatro dell’Opera”, Madriddə Kral Operası – “Teatro Real” kimi mötəbər səhnələrdə çıxış edib.

Qeyd edək ki, Eldar Əliyev 2000-ci ildə Bakıda keçirilən Vokalçıların Bülbül adına 2-ci  Beynəlxalq Müsabiqəsinə qatılıb və Qran-pri mükafatını qazanıb. İstedadlı opera müğənnisi 2005-ci ildən səhhətində problemlərlə bağlı sənətdən uzaq düşmüşdü. Eldar Əliyev avqustun 4-də Milan şəhərində vəfat edib.