Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Monteneqro ilə görüşüb.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparılıb.

M.Monteneqro qəbula görə təşəkkür edərək, mədəniyyət sahəsində ölkələrimiz arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqsədilə hüquqi bazanın yaradılması, onlayn film festivalının təşkili, pandemiya dönəmindən sonra klassik musiqi konsertinin keçirilməsi və digər layihələrlə bağlı təkliflər toplusunu Anar Kərimova təqdim edib.

A.Kərimov ümumi maraq kəsb edəcək tədbir və layihələrlə bağlı təkliflərin səfirliyə təqdim ediləcəyini qonağın diqqətinə çatdırıb.

Sonda A.Kərimov 2019-cu ilin 30 iyun – 10 iyul tarixlərində Bakıda keçirilmiş UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Dünya irs siyahısına salınması ilə əlaqədar Braziliya tərəfindən göstərilmiş dəstəyə görə təşəkkür edib.