Çağdaş Azərbaycan təsviri sənətinin mənəvi yükünü şərəflə daşıyan fırça ustalarından biri Əməkdar rəssam, professor Fikrət Haşımovdur. Özünəməxsus dünyagörüşü və dəst-xətti ilə seçilən rəssamın sənətə gəlişi ötən əsrin yetmişinci illərinə təsadüf edib. Azərbaycan təsviri sənətinin duyulası yüksəlişdə olduğu həmin dövrdə hər bir sənətkar, xüsusilə də gənclər üçün yaradıcı “mən”ini təsdiqləmək və həmkarlarının arasında mövqeyini möhkəmlətmək çox müşkül məsələ idi. Buna baxmayaraq rəssamlığın bədii-texniki sirlərinə əvvəlcə Bakıdakı məşhur “Əzimzadə məktəbi”ndə, daha sonra isə Sankt-Peterburqdakı İ.Y.Repin adına Rəssamlıq Akademiyasında yiyələnən Fikrət Haşımov onu uzaq Şahbuzdan respublikanın paytaxtına gətirən arzularını gerçəkləşdirməkdə israrlı idi.
Etiraf edək ki, zamanına görə bu elə də asan məsələ deyildi. Rəssamlıq məkanında dövrün çox məşhur sənətkarları fəaliyyət göstərirdilər. Bunu şərtləndirən səbəblərdən biri də onun Azərbaycanda faydalandığı milli miniatürlərin nağılvarı estetikasına Sankt-Peterburqda mütərəqqi dünya rəssamlığının bədii prinsiplərini əlavə etməsi, Şərqlə Qərbin qoşalaşdığı bu dəyər qovşağına özünəməxsus görkəm vermək mərhələsinin duyulası dərəcədə çətin olması idi.
Lakin ürəyində gəzdirdiklərini nəyin bahasına olursa-olsun, həyata keçirməyə qərar verən gənc rəssam, gecəli-gündüzlü axtarışlarını başlıca məqsədinin gerçəkləşməsinə yönəltməklə, sənət məkanında fərqli yaradıcı “mən”ini sərgiləməyə nail oldu. 1984–1986-cı illərdə onun iştirakı ilə Bakı, Moskva və Praqada keçirilən “Dostluq palitrası” sərgisi axtarışlarının beynəlxalq miqyasda təqdiri baxımından gənc fırça ustası üçün ümidverici oldu. Sonralar dünyanın yaxın-uzaq ölkələrində onun sənətini çoxlarına sevdirən müxtəlif miqyaslı sərgiləri gerçəkləşdi. Yeni əsrin ilk iyirmi ilini Ərzurum Atatürk Universitetinin (Türkiyə) Gözəl sənətlər fakültəsində çalışan Fikrət Haşımov özünü istedadlı rəssam və pedaqoq kimi tanıda bildi...
Bu gün onun keçdiyi yaradıcılıq yoluna nəzər salanda üslub təkamülünə meyilli axtarışlarının lirik yozumdan fəlsəfi şərhədək uzandığını deyə bilərik. Hər bir əsərin düşündürücülüyünün əldə olunmasını həmişə önəmli hesab edən Fikrət Haşımovun bədii tutumu daha da mücərrədləşən müxtəlif məzmunlu əsərlərində də Şərq müdrikliyi ilə Qərb mütərəqqiliyi uğurlu qovşaqda təqdim edilməklə, tamaşaçısına duyğulandırıcı – xüsusi zövq verməkdədir.
Rəssamın müxtəlif mövzulu və janrlı əsərlərini səciyyələndirən bədii məziyyətləri tamaşaçısını öncə rəng-forma cəlbediciliyi ilə ovsunlamaq, daha sonra bu iki dəyərin vəhdətini mükalimə obyektinə çevirmək gücündə olduğunu sərgiləyir. Onların hər birində əldə olunan bədii ümumiləşdirmələrin fəlsəfi qata bələnməsi də danılmazdır. Başqa sözlə desək, Fikrət Haşımovun çoxqatlı rəngkarlıq irsi “aysberq”ə bənzər olmaqla, daha çox düşündürücüdür. Son vaxtlar düşüncələrinə əyanilik bəxş edən kompozisiyalarının xüsusilə mücərrəd tutumlu olması da səbəbsiz deyil. Müəllifin məqsədi ilk baxışda fikir paralayıcı kimi görünən bu mücərrədliklə tamaşaçını dialoqa cəlb etmək, əsərin batinini – alt qatının məntiqə köklənmiş fikir daşıyıcılığına onu inandırmaqdır.
Əgər Fikrət Haşımovun bir qərinədən çox dövrü əhatə edən yaradıcılığına nəzər salsaq, onda yuxarıda vurğuladığımız bədii-estetik məziyyətlərin təzahürünü görə bilərik. Əgər onun lirik ovqatlı “Durnalar qayıdır” (1985), “Bayram öncəsi” (1989), “Şərq nağılı” (1989), “Mahnı” (1989), “Qadın” (1990) və s. əsərlərində rəssam niyyəti daha çox ümumi koloritin ümumiləşdirilmiş bədii tutumunun hesabına gerçəkləşibsə, “İllər keçir bir an kimi” (1989), “Dünya sənin, dünya mənim...” (1989) və “Bir vaxt biz də bülbül kimi ötərdik” (1989) əsərlərində ayrı-ayrı rənglərin ovqat yaratması və fəlsəfi mənaya bürünməsi sayəsində yaddaqalan görkəm alması duyulandır. Rəssamın “Bir vaxt biz də bülbül kimi ötərdik” əsəri ilə yanaşı, “Araz çayının nəğməsi” tablosunun məşhur Tretyakov Qalereyasında (Moskva) saxlanılması da onun yaradıcılığının orijinallığına verilən yüksək dəyərin ifadəsi sayıla bilər.
Etiraf edək ki, nə vaxtsa realizmin “çuxa”sından çıxmış əksər “izm”lərin ona “arxa” çevirməsi müasir təsviri sənətdə qabarıq müşahidə olunan tendensiyalardandır. Onların modern və avanqard sənət nümunəsi kimi təqdimatının əsl mahiyyətində tarixin saxlancına gömülmüşlərin pis təkrarı və daha çox bacarıqsızlığın ört-basdır edilməsi istəyi gizləndiyindən, əsl sənət xiridarları üçün maraqsız görünürlər. Bu mənada Fikrət Haşımovun mücərrədçiliyinin onlardan fərqli olaraq fərdi – özünəməxsus, daha çox fəlsəfi olduğunu deməliyik.
Fikrət Haşımov öz yaradıcılığında üslub təkamülünə meyilli olsa da, demək olar ki, janrından və bədii yozumundan asılı olmayaraq bütün əsərlərində ekspressiv ifadəyə və lirik bədii şərhə sədaqətini nümayiş etdirməkdədir. Bu mənada “Azad şəhərdə”, “Həyat əbədidir”, “Şahmat seansı”, “Doğma diyarın melodiyası”, “Yaddaş” və “Praqa. Gecə” tablolarında cəlbedicilik və təsirlilik yaxı ekspressiyalarının hesabına əldə olunubsa, “Qızıl sahil”, “Düşüncələr”, “İllər keçir”, “Mənim Şahbuzum” və “Xatirələr” lövhələrində bədii ümumiləşdirmələrə və rəngin ovqat yaradıcılığına üstünlük verilmişdir. Əgər yaradıcılığının ilkin mərhələsində yaxı oynaqlığını həm də çalar zənginliyi müşayiət edirsə, son illərdə tədricən aradan çıxan bu əlvanlığı dərin məna-məzmun kəsb edən rəmzi rənglər əvəzləyib. Odur ki, həm də forma-biçimi duyulası dərəcədə şərtiləşdirilən belə əsərləri rəssam ya “Adsız”, yaxud da sadəcə “Kompozisiya” kimi təqdim edib. İnamla demək olar ki, bütün mənalarda bədii ümumiləşdirmələrdən qaynaqlanan həmin lövhələrin yüksək bədii tutumuna görə zamansızlığa və məkansızlığa qovuşmaları birmənalıdır...
Sonda deyək ki, 1978-ci ildən SSRİ Rəssamlar İttifaqına üzv seçilən Fikrət Haşımovun əsərləri ötən illərdə Bakı ilə yanaşı, Moskva, Praqa, Tbilisi, Nitşa, Nant, Berlin, Ankara, İstanbul, Dubay, Los-Anceles və s. şəhərlərin muzey və qalereyalarında sərgilənmişdir.
Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə ona respublikanın Əməkdar rəssamı fəxri adı (2002) verilmişdir. Sənətdəki uğurlarına görə SSRİ gənc rəssamları sərgisinin bürünc medalına (1979), Zaqafqaziya rəssamlarının I biennalesinin qızıl mükafatına (1986), Azərbaycan Rəssamlar İttifaqının mükafatına (1988), Çexoslavakiya Gənclər İttifaqının xüsusi medalına layiq görülmüşdür. Fikrət Haşımov 2019-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdindəki İncəsənət Kollecinin direktoru vəzifəsində çalışır.
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor