Monoqrafiya Almaniyada çap olunub
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Lütviyyə Əsgərzadənin “Əmir Teymur: tarixdə və ədəbiyyatda” monoqrafiyası Almaniyanın “LAP – Lambert Academic Publishing” nəşriyyatında çapdan çıxıb.
Kitabda Türk dünyasının böyük fatehlərindən biri, Teymurilər dövlətinin başçısı Əmir Teymurun (1336-1405) dövlətçilik fəaliyyəti, yürüş və zəfərləri, həmçinin bütün bunların ədəbiyyatda əks olunmasından söz açılır.
Monoqrafiyada Azərbaycan ədəbiyyatında Əmir Teymur mövzusuna da toxunulur. Bu kontekstdə xüsusilə mütəfəkkir şair-dramaturq Hüseyn Cavidin görkəmli sərkərdəyə həsr olunan “Topal Teymur” pyesindən bəhs edilir. Bildirilir ki, dramaturq əsəri qələmə alarkən Əmir Teymurla bağlı mənbələri dərindən araşdırıb. Mövzuya bələdliyinin nəticəsidir ki, əsər ideya-bədii cəhətdən böyük təsirə malikdir və bu gün də aktuallığını qoruyub saxlayır.