Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında Azərbaycan ictimai fikri və ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadə haqqında özbək dilində bölmə “Wikipedia” elektron ensiklopediyasında istifadəyə verilib.
Bölmədə yazıçının həyatı, yaradıcılığı, bədii nəsri, dramaturgiyası, maarifçilik fəaliyyəti, “Molla Nəsrəddin” jurnalı, ədib haqqında və əsərləri əsasında ekranlaşdırılmış filmlər və s. məlumatlar əksini tapıb.
Cəlil Məmmədquluzadənin əsərlərinin bir sıra dillərə tərcümə edildiyi, 2019-cu ildə isə Özbəkistandakı Heydər Əliyev adına AMM-in layihəsi ilə onun “Poçt qutusu” adlı hekayələr toplusunun özbək dilinə tərcümə edilərək Daşkənddə nəşr olunduğu diqqətə çatdırılır.
Qeyd edək ki, AMM-in təşəbbüsü ilə Özbəkistanın Mirzə Uluqbey adına Milli Universiteti və Ə.Nəvai adına Daşkənd Dövlət Universitetində tədris proqramlarına Azərbaycan ədəbiyyatı ilə bağlı mövzular daxil edilib və onların tədrisi həyata keçirilir. Bu məqsədlə AMM tərəfindən ali məktəblərə nəşrlər əvəzsiz olaraq verilir. Eyni zamanda Azərbaycanla, ədəbiyyatımız, mədəni irsimiz ilə bağlı məlumatlar internetdə özbək milli seqmentində istifadəyə verilir.