Avqustun 20-də görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov) anadan olmasının 108-ci ildönümü münasibətilə mədəniyyət xadimləri və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək bildirib ki, muzeyin kollektivi hər ilin bu günü bəstəkarın mənzil-muzeyində xatirə tədbirləri keçirir: “Bu dəfə maestronun doğum günü pandemiya dövrünə təsadüf etdiyindən biz onun evində toplaşa bilmirik”.
Xalq rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, professor Sakit Məmmədov qeyd edib ki, bütün türk dünyasında adı çəkiləcək 3-4 bəstəkar varsa, onlardan biri də maestro Niyazidir. Onun nəinki Azərbaycanın, eyni zamanda bütün türk dünyasının musiqi mədəniyyətində, həmçinin Türkiyənin simfonik musiqi orkestrinin inkişafında böyük rolu olub.
Xalq artisti Zaur Rzayev deyib: “Azərbaycan xalqı böyük xalqdır ki, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Müslüm Maqomayev, Niyazi kimi böyük insanları Azərbaycana bəxş edib. Niyazi əsl milli düşüncə sahibi, dünya şöhrətli bir insan idi. Hamımızın borcudur ki, onun xatirəsini yad edək”.