Bütün dünyada COVİD-19 pandemiyası ilə mübarizənin ön cəbhəsində tibb işçiləri dayanır. İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzində mükafatlandırma mərasimi keçirilən “Azərbaycan və İran həkimlərinin fədakarlığı iki ölkə yeniyetmələrinin baxışında” adlı onlayn sərgi-müsabiqə və “Həyatı bahasına həyat qurtaranlar” adlı onlayn fotosərgi də fədakar tibb işçilərinə həsr olunmuşdu.

Avqustun 19-da gerçəkləşən tədbirdə koronavirusla mübarizə aparan həkimlər, həmçinin media nümayəndələri və yeniyetmə rəssamlar iştirak edirdilər.

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin sədri Əsgər Farsi çıxışında iki qonşu ölkənin dostluğunun tarixindən söz açdı. Koronavirusla mübarizədə İrana ilk kömək edən ölkənin Azərbaycan olduğunu dedi.

Ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyədə inkişafı üçün belə layihələrin vacibliyini nəzərə çatdıran Ə.Farsi Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərovaya və Azərbaycan Rəssamlar İttifaqının üzvləri, sərgilərin təşkilatçıları Elnurə və Aygün İsgəndərovalara təşəkkürünü bildirdi.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin nümayəndəsi Günel Həsənova layihə iştirakçılarını təbrik etdi və bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirdi. O, Yasamal rayon Heydər Əliyev Mərkəzinin koronavirus pandemiyası dövründə müxtəlif səfirliklərlə əməkdaşlıq edərək onlayn sərgi-müsabiqələr, sosial layihə və tədbirlər həyata keçirdiyini dedi, belə layihələrin davamlı olmasını arzuladı.

Layihə rəhbəri Elnurə İsgəndərova və təşkilatçı Aygün İsgəndərova pandemiya dövründə həyatlarını riskə ataraq xidmət göstərən həkimlərə, polislərə, hərbçilərə və layihələrdə əməyi olan, iştirak edən hər kəsə təşəkkür etdi.

Sonra layihələrin iştirakçıları olan həkimlərə, media nümayəndələrinə, yeniyetmə rəssamlara mükafatlar təqdim edildi. Mükafatlandırılanlar sırasında “Mədəniyyət” qəzetinin əməkdaşı da var.

Lalə AZƏRİ