“Qanun hər kəs üçün qanundur, heç kim qanundan üstün ola bilməz”

Azərbaycanda tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyətləri aradan qaldırılıb. Ancaq böyük şəhərlərdə bu qalıbdır və bizim hamımızdan asılıdır ki, daha da inamla və daha da qısa müddət ərzində əlavə yumşalma addımları ataq.

Əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriya insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir.

Prezident İlham Əliyev bu sözləri avqustun 31-də Fövqəladə Hallar Nazirliyi Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı münasibətilə videoformatda çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, ictimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir: “Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar. Digər tərəfdən, qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.

Prezident qeyd edib ki, görülmüş bütün işlərin məqsədi budur ki, bu vəziyyətdən az itkilərlə çıxaq və biz buna nail oluruq: “Hər şey müqayisə ilə ölçülür. COVİD-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir, çox dəyərlidir. Mən hesab edirəm ki, məhz bu tədbirlər nəticəsində biz minlərlə insanın həyatını qoruduq”.

Dövlət başçısı diqqətə çatdırıb ki, hazırda COVİD xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. O cümlədən modul tipli 11 xəstəxana (hər biri 200 yerlik) inşa edilib. Bir neçə ay öncə açılışı keçirilən ölkənin ən müasir xəstəxanası – Yeni Klinika koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb. Yeni Klinikada çarpayıların sayı 600-ə yaxındır. Hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. İyul ayının əvvəlində Fövqəladə Hallar Nazirliyi Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli hospitalı açılıb. O xəstəxanada çarpayıların sayı 800-dən çoxdur. Həmin ərazidə inşa edilən ikinci xəstəxanada 820-dən çox çarpayı (o cümlədən 130 intensiv terapiya-reanimasiya yeri) var. Son altı ay ərzində istifadəyə verilən bu xəstəxanalarda çarpayı sayı 4100-dür. Modul tipli 7 xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa, qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar inşa oluna bilər. Ehtiyat variantı kimi iki Olimpiya kompleksi də xəstəxanalara çevirilib və orada da 300-dən 500-ə qədər xəstə müalicə ala bilər.

Prezident qeyd edib ki, COVİD ilə mübarizədə səhiyyə sisteminin maddi-texniki bazası xüsusi rol oynayır. Bununla bərabər, laboratoriyaların sayını böyük dərəcədə artırmışıq. Pandemiya başlayanda ölkədə cəmi 6 laboratoriya var idi. Bu gün onların sayı 45-ə çatıb. Ölkəmizdə 900 mindən çox test keçirilib. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir

Dövlət başçısı bildirib ki, pandemiya bütün dünyada iqtisadi sahədə çətinliklər doğurub: “Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Hesab edirəm ki, dünyada mövcud olan ümumi mənzərəni nəzərə alsaq bu, yaxşı göstəricidir”.

Pandemiya ilə mübarizə ilə yanaşı, postpandemiya dövrünə də hazırlıq görülməlidir və  müvafiq göstərişlər verilibdir. “Postpandemiya dövrü nə vaxt başlayacaq, bunu hələ ki, heç kim deyə bilmir. Ancaq dünyada gedən araşdırmalar, tədqiqatlar, peyvəndlərin üzərində işin aparılması ümidverici siqnallar verir. Onu da bildirməliyəm ki, biz hazırda bir neçə şirkətlə COVİD-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri aparılandan, beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik. Ondan sonra ümid edirəm demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb”, – deyə Prezident bildirib.

Prezident qeyd edib ki, hazırda ölkədə hər gün 100-dən 200-ə qədər yoluxma qeydə alınır. Əvvəlki aylarla müqayisədə bu, əlbəttə ki, daha yaxşı nəticədir. Ancaq vəziyyəti daim nəzarət altında saxlamaq üçün gündəlik monitorinq aparılır və aparılacaq. Eyni zamanda, yumşalma addımları elə atılmalıdır ki, xəstələrin sayı kəskin artmasın: “Bəzi Avropa ölkələrində xəstələrin sayında kəskin artım bizi düşündürür və bizi addımların daha ehtiyatla atılmasına sövq edir. Çünki bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik və bu, real nəticələrdə öz əksini tapır, - belə olan halda hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir”.

“Əminəm ki, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq”, – deyə Prezident vurğulayıb.