Xəbər verildiyi kimi, Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərar qəbul edib.

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun imzaladığı 29 avqust 2020-ci il tarixli 312 saylı qərara əsasən, yeni dərs ilində təhsil müəssisələrində tədris prosesi yaş qrupları və siniflərdən asılı olaraq fərqli tarixlərdə başlayacaq.

Qərarın 1.2-ci bəndində göstərilir ki, ümumi təhsil müəssisələrində dərslər ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə 2020-ci il sentyabrın 15-dən; ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) və ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə 2020-ci il oktyabrın 1-dən; tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə isə 2020-ci il oktyabrın 15-dən başlayacaq.

Qərara əsasən, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində də dərslər yaş qruplarından və siniflərindən asılı olaraq yuxarıda qeyd olunan tarixlərdə başlamalıdır.

Qərarda Təhsil Nazirliyinə, Mədəniyyət Nazirliyinə və Səhiyyə Nazirliyinə xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarını 10 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Qərarda o da vurğulanır ki, təhsil müəssisələrində yaş qruplarından və siniflərindən asılı olaraq əyani formada təhsil bərpa olunanadək sentyabrın 15-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilməlidir.

Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərinin ərazisində sanitar-epidemioloji vəziyyətin əhalinin sağlamlığına təhlükə yaratmadığı barədə müvafiq olaraq Azərbaycan Respublikasının Baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi olduğu halda, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılması bu qərarla müəyyən edilən tarixlərdən əvvəl bərpa edilə bilər.

Bundan əlavə, təhsilalanların sıxlığı yüksək olan təhsil müəssisələrində siniflər/qruplar yarımqruplara bölünəcək, yaş qrupları/kursları üzrə dərs və dərsdənkənar məşğələlərdə növbəlilik rejimi tətbiq olunacaq. Dərs/məşğələ otaqlarında sosial məsafənin gözlənilməsi, dərs/təlim və dərsdənkənar/praktiki məşğələ saatlarının və dərslərarası/məşğələlərarası fasilələrin diferensiallaşdırılması və optimallaşdırılması, habelə təhsilverənlərin yaşına və sağlamlıq vəziyyətinə görə COVİD-19 xəstəliyinə yoluxma riskinin yüksək olmasından asılı olaraq təlim və tədris prosesinə cəlb edilməsi məsələləri təlimin və tədrisin təşkili zamanı nəzərə alınacaq.

Müvafiq inzibati ərazi vahidinin ərazisində sanitar-epidemioloji vəziyyətin əhalinin sağlamlığına təhlükə yaratdığı barədə Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında müvafiq məlumatlandırma ilə təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilə bilər.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarı 2020-ci il noyabrın 2-dək qüvvədədir. Yəni qarşıdakı aylarda koronavirus pandemiyası ilə bağlı vəziyyətin dəyişməsi müvafiq qərarların qəbulunu da zəruri edəcək.

Yeri gəlmişkən, Türkiyədə orta məktəblərdə yeni tədris ili bu həftə – 31 avqust tarixindən distant qaydada başlayıb. Türkiyədə distant təhsilin sentyabrın 18-dək davam edəcəyi və COVİD-19-la bağlı vəziyyətdən asılı olaraq ənənəvi təhsilin sentyabrın 21-dən başlanması nəzərdə tutulur.