Azərbaycanda 300-dən çox palçıq vulkanı var. Bu cür təbiət obyektləri bütün ölkələrdə yoxdur. Qafqaz regionunda ən çox palçıq vulkanı məhz Azərbaycandadır. Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

Nazirliyin “Facebook” səhifəsində “Ekspert saatı” adlı verilişdə çıxış edən A.Səmədovanın sözlərinə görə, ölkədə qoruq statusu altında mühafizə olunan vulkanlarla yanaşı, qoruq ərazisi olmayan palçıq vulkanları da var. Təhlükəsizlik qaydalarına əməl etməklə gedib həmin palçıq vulkanlarına baxmaq mümkündür.

Qeyd edilib ki, hazırda palçıq vulkanlarına geopark statusunun verilməsi və həmin geoparkların UNESCO-nun Dünya irs siyahısına salınması üçün işlər aparılır. Ötən il geoparkların əsasnaməsi təsdiqlənib. Geopark statusu olduqdan sonra həmin vulkanlarda geoturizm inkişaf etdiriləcək.

İnsanlar gedib həmin vulkanlara baxa və bələdçi vasitəsilə bu vulkanlar barədə məlumat ala biləcəklər.