Kiyevdə Pavel Movçanın həyat və yaradıcılığında Azərbaycan süjetlərinə həsr edilmiş tədbir keçirilib
Ukrayna Milli Yazıçılar İttifaqında tanınmış ukraynalı şair, tərcüməçi, Taras Şevçenko adına Ukrayna Milli mükafatının laureatı, T.Şevçenko adına Ümumukrayna “Prosvita” cəmiyyətinin sədri Pavel Movçanın yaradıcılığında Azərbaycan süjetlərinə həsr edilmiş tədbir keçirilib.
Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk və “Prosvita” cəmiyyəti tərəfindən təşkil edilib.
Görüşdə çıxış edən Pavel Movçan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə tanış olması, Azərbaycanın görkəmli şairləri ilə dostluğu, azərbaycanlı müəlliflərin əsərlərinin tərcüməsi üzərində işi barədə danışıb.
O, xatirələrini bölüşərək deyib: “Yadımdadır, 1985-ci ildə Bakıda bir ədəbi tədbir keçirildi. Mən Nəsiminin əsərlərinin Ukrayna dilinə tərcümələrini oxuyandan sonra Heydər Əliyev mənə yaxınlaşdı və Nəsiminin şeirlərini yaxşı tərcümə etdiyimi bildirərək, buna görə mənə təşəkkür etdi. Sonra bizim ayrıca görüşümüz oldu. Heydər Əliyev mənim nə arzu etdiyimi soruşanda dedim ki, Hələbdə Nəsiminin məzarını ziyarət etmək istərdim, lakin o dövrdə mənim xaricə getməyimə qadağa qoyulmuşdu. Buna baxmayaraq, tezliklə Hələb səfəri baş tutdu...”.
Ölkəmizin Ukraynadakı səfiri, Xalq yazıçısı Elmira Axundova Ukrayna-Azərbaycan ədəbi əməkdaşlığında tərcüməçilərin dəyərli rolu barədə söhbət açıb. O, ötən əsrin 70-80-ci illərində Azərbaycan Yazıçılar Birliyində (AYB) işlədiyini qeyd edərək bildirib ki, həmin dövrdə Pavel Movçanın və onun həmkarlarının Bakıda keçirilən ədəbi forumlara gəlməsini yaxşı xatırlayır. E.Axundova Pavel Movçana AYB-nin sədri, Xalq yazıçısı Anarın və Xalq şairi Fikrət Qocanın salamlarını çatdıraraq vurğulayıb ki, Azərbaycanda ona rəğbət bəsləyirlər.
Tədbirin təşkilatçısı Marina Qonçaruk qeyd edib ki, Ukrayna sakinlərinin iki ölkənin əlaqələrinin əvvəllər az məlum olan səhifələri barədə daha çox məlumat əldə etmələri üçün belə görüşlər müntəzəm keçiriləcək.
Görüşdə Ukrayna Yazıçılar Evinin direktoru, şair və jurnalist Nina Şavarskaya, professor, tarix elmləri doktoru Fərhad Turanlı, professor Arif Quliyev, filologiya elmləri doktoru, professor Nikolay Vaskiv, Ukraynanın sabiq xalq deputatı Yaroslav Kendzer və başqaları çıxış ediblər.
Tədbirdə Pavel Movçana İmadəddin Nəsiminin əsərlərinin Ukrayna dilinə tərcüməsi və nəşri layihəsində iştirak etdiyinə görə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin diplomu təqdim edilib.
Pavel Movçan, həmçinin Məmməd Araz, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Fikrət Qoca, Nəbi Xəzri, Fikrət Sadıq, Şəkər Aslan, Vaqif Nəsib, İsa İsmayılzadə, Süleyman Rüstəm və bir çox başqa Azərbaycan şairlərinin əsərlərini Ukrayna dilinə tərcümə edib.