“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi (DTMQİ) tərəfindən “Dünya irsi – post-pandemiya dövründə konservasiya və inkişaf çağırışları” adlı beynəlxalq onlayn konfrans keçirilib.
Konfrans İçərişəhərin Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına daxil edilməsinin 20-ci ildönümünə həsr olunub.
Konfransın təşkilində məqsəd xarici tərəfdaşlar və ekspertlərlə dünya irsi hesab olunan tarixi şəhərlərin pandemiya dövründə üzləşdikləri əsas çağırışları və pandemiyadan sonrakı dövr üçün inkişaf strategiyalarını müzakirə etmək olub.
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, UNESCO Dünya İrs Mərkəzinin rəhbərliyi, Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzinin (İCCROM), Dünya İrs Şəhərləri Təşkilatı (OWHC) və ona üzv olan şəhərlərin nümayəndələri, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və digər dövlət orqanlarının rəsmiləri onlayn konfransda iştirak ediblər.
“İçərişəhər” DTMQ İdarə Heyətinin sədri Əsgər Ələkbərov İçərişəhərin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsindən keçən 20 il ərzində qoruq ərazisində mədəni irsin mühafizəsi, bərpası və konservasiyası istiqamətində görülən işlər haqqında məlumat verib. Son illər Bakı Xanlarının Evi kompleksi, yeraltı hamam, digər abidələrdə aparılan konservasiya və restavrasiya işləri, idarənin pandemiya dövründə fəaliyyəti və post-pandemiya dövrü üçün inkişaf istiqamətləri, xüsusilə də rəqəmsal texnologiyalardan daha da geniş istifadə barədə məlumatlar diqqətə çatdırılıb.
Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov ölkəmizdə mədəni irsin və tarixi abidələrin mühafizəsi istiqamətində görülən işlər haqqında danışıb.
Konfransda OWHC-nin prezidenti və Krakov şəhərinin meri Jacek Majchrowskinin İçərişəhərin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi münasibətilə video təbrik mesajı səsləndirilib.
Sonda məruzələr dinlənilib, təcrübə mübadiləsi aparılıb.