Azərbaycanın turizm sahəsi üzrə yaxından əməkdaşlıq etdiyi ölkələrdən biri də Yunanıstan Respublikasıdır. 2005-ci ilin aprelində Azərbaycanla bu ölkə arasında adıçəkilən sahədə ikitərəfli əməkdaşlıq haqqında imzalanan sazişin şərtlərinə uyğun olaraq Yunanıstana vaxtaşırı infoturlar təşkil edilir. Belə turlardan biri də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Yunanıstanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə noyabrın 23-də reallaşdırılıb. Mədəniyyət və Turizm Nazirliyinin, turizm şirkətlərinin və KİV-lərin nümayəndələrindən ibarət heyətin iştirakı ilə baş tutan infotur bir həftə davam edib.
Onu da qeyd edək ki, müxtəlif istiqamətli əlaqələr qurmaq məqsədilə həyata keçirilən belə turlar Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təkcə Yunanıstana deyil, eyni zamanda Türkiyə, Şimali Kipr və başqa ölkələrə də təşkil edilir. Ümumiyyətlə, Azərbaycana turist gətirmək üçün belə səfərlərin hər hansı bir nəticəsi olurmu?
Sualımıza aydınlıq gətirmək üçün Yunanıstana təşkil edilən infoturda iştirak edən bir neçə turizm şirkətinin rəhbəri ilə görüşüb söhbətləşdik.
«R&R Travel» şirkətinin müdiri Ruslan Əhmədov bildirdi ki, bir həftə davam edən səfər müddətində Afina, Xanya, Saloniki, Xalkidiki, Retimno və Lutraki şəhərlərində olublar, təxminən 20-yə yaxın turist şirkəti və bir o qədər də hotellə qarşılıqlı əməkdaşlıqla bağlı müqavilələr imzalayıblar: «Ümumiyyətlə, demək istəyirəm ki, Azərbaycanda turizm sahəsini inkişaf etdirmək üçün ilk növbədə bu sahədən yüksək gəlir götürən ölkələrlə geniş əlaqələr qurmaq lazımdır. Bu baxımdan belə infoturların təşkili çox əhəmiyyətlidir. Mənə belə gəlir ki, gələcəkdə belə səfərlərin ünvanı olan ölkələrin sayını artırmaq, iştirakçıların tərkibini genişləndirmək lazımdır. Ancaq bu yolla Azərbaycanda turizm sahəsinin səmərəli inkişafına nail olmaq olar». Yunan adalarının əksəriyyətini əhatə edən 15-dən çox böyük şirkətlə əlaqə yaratdığını deyən şirkət rəhbəri bildirdi ki, bunların hamısı ilə əməkdaşlıqda bağlı ikitərəfli müqavilə bağlayıblar: «Kalamaki Travel”lə səmərəli bir əməkdaşlığımız olacaq. Həmin şirkətlə çarter reyslərinin təşkili ilə bağlı razılığa gəlmişik. Bunun üçün də bir az reklama ehtiyacımız var. Bu yay yəqin ki, bizim turistlər Krit adasını, onlar da Azərbaycanı görmək imkanı əldə edəcəklər». R.Əhmədov çarter reyslərinin təşkilində qarşı tərəfin daha çox maraqlı olduğunu bildirdi: «Bu şirkət də, elə razılaşma əldə etdiyimiz digər şirkətlər də Azərbaycana turist gətirməyi çox istəyirlər. Təsəvvür edin ki, hələ mən orda olanda onların öz təkidi ilə Bakıya şirkətimizin ofisinə əməkdaşlığın reallaşdırılması ilə bağlı zəng vurdum. Biz gedəndə özümüzlə regionlarımızın turizm imkanlarını əks etdirən bukletlər də aparmışdıq. Tarixi abidələrimizlə, təbiət turizmi ilə maraqlanan yunanların diqqətini daha çox Gəncə, Lənkəran, Quba, Qusar zonaları cəlb etdi». Yunanıstanın büdcəsinin 70 faizindən çoxunun turizm sahəsindən əldə edilən vəsait hesabına formalaşdığını deyən R.Əhmədova görə, Azərbaycanın da adıçəkilən sahədən belə yüksək gəlir götürməsi mümkündür. Çünki buna ölkəmizin həm coğrafi mövqeyi, həm təbii şəraiti, həm də zəngin tarixi imkan verir: «Dünyanın bir çox ölkələrində, o cümlədən Avropa və Afrikanın əksər yerlərində olmuşam. Azərbaycan istənilən sahədə öz potensialı baxımından bu ölkələrin əksəriyyətindən üstündür».
R.Əhmədov onu da bildirdi ki, 2009-cu ilin yanvar ayında yunanıstanlı həmkarları da əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycana gələcəklər.
«Miray Travel»in rəhbəri Nizami Əliyev isə Yunanıstanda olarkən daha çox hotellərdə xidmətin səviyyəsindən məmnun qalıb: «Səfər müddətində bu ölkənin bir sıra şəhərlərində, o cümlədən Afina, Xanya, Saloniki, Xalkidiki, Retimno və Lutraki şəhərlərində olduq və bu şəhərlərdə fəaliyyət göstərən məşhur “Metropolitan”, “King George”, “İmperial”, “Vouliagmeni Suites”, “Santa Marina”, “Hyatt Regency”, “Hotel Casino Regency Hyatt”, “Porto Carras”,“Club Hotel Casino Loutraki” və digər mehmanxanaların işi ilə yaxından tanış ola bildik. Qiymətləri çox münasibdir. Azərbaycanda cəmi 2 hotel - «Hyatt Regency» və «Avropa» hotelləri beşulduzlu olmaqla vaxtilə bu hotellərin səviyyəsində xidmət göstərə bilirdi».
N.Əliyevin dediyinə görə, Saloniki və Afina şəhərlərindən böyük təəssüratlarla ayrılıblar: «Bu şəhərlərin hər biri özünəməxsus gözəlliyə malikdir. Saloniki Yunanıstanın ikinci böyük şəhəridir. Burada Türkiyə Cümhuriyyətinin banisi Atatürkün muzeyi yerləşir. Məlum olduğu kimi, Atatürk bu şəhərdə anadan olub. Ölkəyə gələn hər bir qonağı bu muzeyə ziyarətə gətirməyi yunanlar özlərinə borc bilirlər. Turistlər üçün çox maraqlı gəzinti obyektidir. Afina şəhərinin isə bir özəlliyi ondan ibarətdir ki, ondan 25 kilometr şərqdə Korimp boğazı yerləşir. 80-100 il əvvəl əllə qazılan bu boğaz 76 kilometr uzunluqda olmaqla, İonik dənizini Egey dənizi ilə birləşdirir. Bu kanal Yunanıstan üçün həm iqtisadi baxımdan çox əhəmiyyətlidir, həm də olduqca maraqlı görünüşü var. Ümumiyyətlə, yunanlar çox şən millətdir. Vaxtlarını mənalı keçirirlər. Axşamlar bir dənə də olsun boş kafe, restoran tapa bilməzsən. Onu da bildirim ki, burada qiymətlər də camaatın cibinə uyğundur».
Ölkədə gəzməli, görməli yerlərin çox olmasının da turistlərin cəlb edilməsində əhəmiyyəti böyükdür. Şirkət rəhbəri maraqlı bir faktı da açıqladı ki, dünyanın hər yerindən yalnız Akropola (Qədim Yunanıstanda aristokratların yaşadığı yuxarı şəhər) baxmaq üçün gəlirlər: «Avstraliyadan gələn bir qrup turist bildirdi ki, bu şəhəri görmək üçün 24 saat təyyarə ilə yol gəliblər».
N.Əliyev bu infoturun yaddaqalan cəhətlərindən birinin də Yunanıstanın turizm şirkətləri ilə Azərbaycan şirkətləri arasında əməkdaşlıqla bağlı sazişlərin imzalanması olduğunu dedi: «Krit adasında fəaliyyət göstərən “Kalamaki travel” şirkəti ilə Bakı-Krit çarter uçuşlarının təşkil olunması üçün ilkin razılaşma əldə etdik».
Sonda Nizami müəllim də infoturları yüksək qiymətləndirdi və bunun davamlı olmasının Azərbaycanda turizm sahəsinin inkişafında əhəmiyyətini qeyd etdi.
Fəxriyyə ABDULLAYEVA