Avqustun 19-da dünyada Beynəlxalq Humanitar Yardım Gününü qeyd edilir. 2003-cü il avqustun 19-da BMT könüllüləri Nadiya Yunus və həmkarlarının İraqda həlak olmasından sonra BMT-nin Baş Assambleyası həmin günün qeyd olunması barədə qərar qəbul edib.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İCESCO) bu əlamətdar gün münasibətilə bəyanat yayıb. Bəyanatda bəşəriyyətin üzləşdiyi ağır fəlakət – COVİD-19 pandemiyasından həyatını itirənlərin xatirəsi yad olunur.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (UNOCHA) iyulda dərc etdiyi hesabata istinadla qeyd olunur ki, pandemiya dövründə münaqişələrin, təbii fəlakətlərin sayı artıb, iqtisadi böhran daha da dərinləşib. Eyni zamanda, qadınlara qarşı zorakılıq halları da çoxalıb. Belə ki, son bir ildə 15-49 yaşlar arasında zərif cinsin 243 milyon nümayəndəsi cinsi və məişət zəminində zorakılığa məruz qalıb.

Bəyanatda vurğulanıb ki, 57 İslam ölkəsi də pandemiyanın ağır təsirinə məruz qalıb, milyonlarla insan yoxsulluq, həddindən aşağı səviyyədə yaşayır. İCESCO pandemiya dövründə 24 İslam ölkəsindəki aztəminatlı gənclər üçün elm, təhsil texnologiyaları sahələrində layihələr həyata keçirib, həmçinin humanitar yardımlar təşkil edib.

İCESCO Beynəlxalq Humanitar Yardım Günündə insanların sağlamlığı naminə həyatlarını təhlükəyə atan həkimlərin və tibb personalının fədakarlığını xüsusi olaraq qeyd edib. Bəyanatda təşkilata üzv dövlətlərin hamısına səhiyyə, sosial və humanitar sahələrə üstünlük verməklə bağlı müraciət ünvanlanıb.