Azərbaycan Turizm İnstitutunun tələbələri Yunanıstanda 10 aylıq kurs keçiblər

Azərbaycan Turizm İnstitutu dövlət təhsil sistemi standartına uyğun olaraq Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi, qonaqpərvərlik, turizm, səyahət və istirahət sahəsində ixtisaslı kadrlara olan ehtiyacı ödəmək üçün mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi yönündə çalışmalarını davam etdirir. Bu məqsədlə institut tələbələrini turizmin yaxşı inkişaf etdiyi ölkələrə təcrübə mübadiləsi keçməyə göndərir.

Bundan əlavə, 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutunun Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə imzaladığı “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” və Akademik Müqavilənin şərtlərinə uyğun olaraq İELTS 6.0 toplayacaq ATİ tələbələri 4 illik bakalavr təhsili müddətinin sonunda həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını alacaqlar.
Onu da qeyd edək ki, Azərbaycan Turizm İnstitutunun həyata keçirdiyi bu proqram ölkə miqyasında ilk dəfədir tətbiq edilir. Proqramın şərtlərinə görə, hər iki universitet tələbə mübadiləsi edir. Bu məqsədlə həm Avstriyanın, həm də Türkiyənin məşhur universitetlərinin professor və müəllim heyəti ATİ-də müxtəlif mövzularda mühazirə söyləyirlər.
Proqram çərçivəsində 2007-2008-ci tədris ilində ATİ Avstriyaya 4 nəfər tələbə göndərib. 10 ay müddətində Yunanıstanın Saloniki şəhərində həm kurs, həm də təcrübə keçən tələbələr bugünlərdə səfərlərini başa vurub Azərbaycana qayıdıblar.

ATİ-nin marketinq fakültəsinin 3-cü kurs tələbəsi İlkin Rüstəmov bizimlə söhbətində səfər təəssüratlarını bölüşdü, eyni zamanda institutun həyata keçirdiyi layihə ilə bağlı ətraflı məlumat verdi: «Erasmus» Avropa ölkələrinin universitetləri arasında qarşılıqlı tələbə mübadiləsi proqramıdır. «Erasmus-mundos» isə Qafqaz ölkələrinin təhsil ocaqları arasında eyni məqsədlə həyata keçirilir. Bu proqram çərçivəsində hər il Azərbaycan, Gürcüstan və Ermənistanın universitetlərinin bakalavr, magistr pillələrinin və doktoranturanın tələbələri Avropanın müxtəlif ölkələrinin ali təhsil ocaqlarına təcrübə məqsədilə göndərilirlər. Biz də ATİ-dən 3 nəfər tələbə 10 aylıq kurs, 1 nəfər isə 2 illik kurs keçmək üçün Yunanıstanın Saloniki şəhərindəki Aleksandr Texnoloji Universitetində olduq. Bir semestr, yəni 5 ay ixtisasımıza uyğun olaraq turizmin beynəlxalq menecmentlik sahəsi üzrə təhsil aldıq. Təhsil müddətinin sonunda isə icbari qaydada bizi Rodos adasında yerləşən hotellərdən birinə praktikaya göndərdilər. Burada olduğumuz 4 ay müddətində çox şeylər öyrəndik».


İ.Rüstəmovun dediyinə görə, Yunanıstanın ali təhsil ocaqlarında Boloniya sistemi artıq uzun illərdir ki, tətbiq edilir: «Bu sistemin üstünlüyü ondadır ki, tələbələrə ixtisaslarına uyğun olaraq istədiyi fənləri seçmək hüququ verilir. İkinci bir tərəfdən isə kredit sistemi bu proqramın əsas özəlliyidir. Belə ki, diplom almaq və ya semestrdə fənni uğurla keçmək üçün kreditlər təyin edilir. Bu kreditlər imtahanlardan aldığımız nəticələr, dərsə davamiyyət və müxtəlif meyarlar üzrə müəyyənləşdirilir. Yalnız institutun və müəllimlərin şəxsi proqramına uyğun olaraq bu meyarlar dəyişə bilər. Təhsil müddətinin sonuna qədər bu kreditlər toplanmalıdır. ATİ-də 4 illik bakalavr təhsilinin sonuna qədər hər bir tələbə minimum 250 kredit toplamalıdır. Hətta 249 kredit olduqda belə, ya diplom verilmir, ya da tələbə kəsiri qalan fənn üzrə təhsilini davam etdirir. Bu, əvvəllər tətbiq olunmayan bir təcrübədir və hazırda Azərbaycanın əksər təhsil müəssisələri bu sistemlə işləyir».


Qeyd etdiyimiz kimi, «Erasmus-mundos» proqramının şərtlərinə uyğun olaraq, Yunanıstanda üç Qafqaz ölkəsindən olan tələbələr kurs keçiblər. İ.Rüstəmov deyir: «Müəllimlərimizin əksəriyyəti yunan idi. Elə dərslər olurdu ki, yunan tələbələr də bizimlə otururdu. Müəllim dərsi əvvəlcə onlara yunanca, sonra da ingiliscə izah edirdi. Amma bir çox fənlər vardı ki, mühazirələr əvvəldən-axıra qədər ingilis dilində olurdu».


İlkinlə bir yerdə kursda olan  Turalın təəssüratları da maraqlıdır: «Biz Yunanıstanda Azərbaycan mədəniyyəti günləri keçirdik. Bu tədbir proqram qaydalarına uyğun olaraq həyata keçirildi. Qeyd edim ki, təkcə Azərbaycan yox, Gürcüstan və Ermənistan mədəniyyəti günləri də keçirildi. Biz öz tədbirimizi Saloniki şəhərinin hotellərindən birində yüksək səviyyədə təşkil etdik. Azərbaycandan orada 30 nəfər tələbə vardı. ATİ-dən 4, Xəzər Universitetindən 3, Gəncə Dövlət Universitetindən 3 nəfər bakalavr, təxminən eyni sayda magistr, bundan başqa, bir neçə nəfər də aspirant vardı. Tədbirdə proqramın iştirakçısı olan gürcü, erməni, yunan tələbələr və müəllimlər də iştirak edirdilər. Biz Azərbaycan həqiqətləri haqqında dolğun məlumatlar verdik. İştirakçılara tariximiz, mədəniyyətimiz, mətbəximiz haqqında həqiqətləri təqdim edən videokadrlar göstərdik. 3 saat çəkən tədbirin sonunda  Azərbaycanın milli yeməkləri qonaqlara təqdim edildi».


Sonda tələbələr bir maraqlı faktı da açıqladılar. 10 aylıq kurs üçün Şengen vizası alan tələbələr ixtiyarlarında olan 1 ayı da səmərəli keçiriblər. Belə ki, onlar 4 ay praktikada olduqları vaxt qazandıqları vəsaitlə kiçik bir Avropa turnesinə çıxıblar. İtaliya, Fransa və Almaniyada olan tələbələr bu ölkələrin demək olar ki, əksər şəhərlərini gəzə biliblər.

Fəxriyyə ABDULLAYEVA