Türkiyənin İzmir şəhərinin yunan işğalından azad olunması münasibətilə “Zəfərin 98-ci ildönümü” şüarı altında izdihamlı yürüş keçirilib.

Bu münasibətlə şəhərin küçə və meydanları bayramsayağı bəzədilib. Zəfər yürüşünə qatılanlar 350 metr uzunluğunda Türkiyə bayrağını Lozan meydanına qədər daşıyıblar.

Sonra Türkiyə Silahlı Qüvvələrinin “Türk ulduzları”nın möhtəşəm uçuşları olub. Açıq havada Zəfər Gününü tərənnüm edən müxtəlif tədbirlər keçirilib.

Qeyd edək ki, 1922-ci il avqustun 26-da Türkiyədə Mustafa Kamal paşanın komandanlığı ilə yadelli işğalçılara qarşı Qurtuluş savaşının həlledici mərhələsi – “Böyük Taarruz” (“Böyük hücum”) başlayıb. “Böyük hücum” işğal altındakı bir neçə şəhərin, o cümlədən sentyabrın 9-da İzmirin azad olunması ilə başa çatıb. Bu şanlı qələbənin tarixi (9 sentyabr) Türkiyə tarixinin əlamətdar günlərindən biri kimi qeyd olunur.

Mehparə SULTANOVA
Ankara