15 sentyabr – Bakının Osmanlı dövlətinin Qafqaz İslam Ordusunun dəstəyilə erməni və bolşevik dəstələrindən azad olunduğu gün Azərbaycanda olduğu kimi, Türkiyədə də iki ölkə qardaşlığının şanlı tarixi kimi qiymətləndirilir.

TBMM-in üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım 15 sentyabrı Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı baxımından çox önəmli bir gün olduğunu deyir: “Sentyabrın 15-ni biz “Bakı bayramı” günü olaraq qeyd edirik. Həmin gün Azərbaycan və Türkiyə arasında əbədi körpünün salındı.  Böyük sərkərdə Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə həyata keçirdiyi Bakının işğaldan azad olunması missiyası tarixə qızıl hərflərlə yazılıb”.

Ş.Ayrım Bakının azad edilməsindən sonrakı tarixi mərhələyə də toxundu və bildirdi ki, soydaşlarımızın yaddaşına “Bakı fatehi” kimi əbədi həkk olunan Nuru paşa bu zəfərdən sonra Bakıda çox qala bilməyib: “Nuru paşa Bakıdan getdikdən sonra təəssüf ki, Bakı təkrar bolşeviklərin əlinə keçmiş oldu. Xatirələrində Nuru paşa böyük qardaşı Ənvər paşanın şəhid olmasından nə qədər üzülübsə, Bakının təkrar işğalından da o qədər sarsıntı keçirdiyini ifadə edib. Nuru paşa 1949-cu ildə dünyasını dəyişdi və təbii ki, 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasının şahidi olmadı. Amma biz bu gün Bakının qurtuluşunu simvolik olaraq milli qəhrəmanımız Nuru paşanın məzarı başında, onun və 1130 şəhidimizin ruhuna dualar oxumaqla qeyd edəcəyik. Biz onları hər daim sayğı və rəhmətlə anırıq və bu tarixi günü gələcək nəsillərə daşımaq üçün gənclərimizə hər zaman qürurla xatılatmalıyıq”.

1918-ci ilin 15 sentyabrı ilə bu günü müqayisə edən millət vəkili “Türkiyə ilə Azərbaycan hansı birlik-bərabərlik ruhunda olubsa, bu gün də eyni qardaşlıq, dostluq, həmrəylik ovqatındadır” deyə bildirdi.

Şamil Ayrım söhbətin sonunda 15 sentyabrı iki dövlətin tarixi bayramı kimi dəyərləndirdi: “Bu gün bizim üçün Bakının qurtuluş bayramıdır, bu münasibətilə Azərbaycan və Türkiyə xalqını ürəkdən təbrik edirəm”.

Mehparə SULTANOVA
Ankara