Və ya teatr uğrunda söhbət

Müsahibimiz son illər milli teatr səhnəmizin ən çox müraciət etdiyi dramaturqlardan biri, Əməkdar incəsənət xadimi Əli Əmirlidir.

 

– Əli müəllim, gəlin, ilk olaraq karantin dövründən danışaq. Sizin üçün bu proses necə keçir?

– Qəhrəmanlarımdan birinin sözüdür, “reallıqla barışmaya bilərsən, amma onunla hesablaşmağa məcbursan”. Pandemiya deyilən aylarda, nə qədər çətin olsa da, mən bu yaşam düsturuna əməl etməyə çalışdım. Bu məqamda “şikayətlənmə və istəmə!” prinsipim də köməyimə çatdı. Sadəcə, bizə təqdim olunan vəziyyətdə – dramaturgiyada buna settinq deyirlər – yəni mövcud şərtlərdə yaşamağa, həyat vərdişlərimi unutmamağa çalışdım. Çətin olsa da, deyəsən, buna nail oldum.

 

– Evdə oturmaq, bir köşəyə çəkilib saatlarla yazı-pozu ilə məşğul olmaq zatən sizin kimi insanların ən sevdiyi məşğuliyyətdir. Amma bu, azadlığı məhdudlaşdırdıqda əzaba çevrilmirmi?

– Müəyyən mənada siz haqlısınız, yaradıcı insan üçün vaxt, zaman, arxayınlıq vacib şərtlərdəndir. Amma bütün bunlar sənə zorla sırınırsa, boş vaxtı boş qalmamaq üçün yazı-pozuya sərf etməyə məcbur olursansa, yaxşı nəticə gözləmək xəyal qırıqlığı ilə nəticələnə bilər. Buna baxmayaraq, mövcud şəraitlə bağlı çaşqınlığım uzun sürmədi. Köməyimə uzun illər qapımı üzünə bağladığım nəsr gəldi, ilk dəfə novella janrına müraciət etdim.

 

– Pandemiya və karantin bizi teatr məkanlarından uzaq saldı. Bu mənada “teatr üçün darıxmısınızmı?” sualına xeyli ağrılı cavabınız olar...

– Pandemiyanın mənim üçün ən ağrılı məqamı, həqiqətən, teatrların qapanması oldu. Təkcə Bakı teatrlarının repertuarında yeddi əsərim var, ayda ən azı 5-6 tamaşam oynanılırdı. Birdən-birə həyatımda dərin bir boşluq yarandı. Burda bir monoloq deyim, bununla da pandemiya mövzusunu qapadaq: “Teatrların işıqları sönüb, qapıları bağlanıb, ən pis tamaşa üçün də darıxmışam. Yorulmadan Azərbaycan teatrını yamanlayan xanımlar və cənablar, dincəlin, daha teatr yoxdur. Bəlkə bir daha olmadı, ola bilsin hansı bir formada nəsə çıxsın, yaransın, lap elə yerində onlayn teatr bitsin, törəsin, amma onlayn teatr heç teatr deyil, lentə alınmış zəifdən zəif filmdir, cansız, ruhsuz, dadsız...”.

 

– Sözü teatrdan elə-belə salmadım. Çox sevdiyimiz teatr bizim üçün heç də hər zaman həyatın səhnə modeli ola bilmir. Bunun əsas səbəbi nədir?

– Mən əlli ildən çoxdur fəal teatr tamaşaçısıyam. Həmişə də teatr cameəsinin dramaturgiyadan, teatrdan gileyləndiyini eşitmişəm. Əlli il qabaq da belə idi, indi də belədir. Halbuki, müstəqillik dövrünün dramaturgiyası bütün teatr üçün çox mürəkkəb bir zamanda Azərbaycan teatrını yaşatdı. Bu dramaturgiyanın ən yaxşı nümunələri xarici ölkələrdə də tamaşaya qoyulur, mükafatlara layiq görülür. Bu gün Azərbaycan dramaturgiyası “Biləcəridən o yana” sindromu yaşamır. Əgər sizin dediyiniz həyat modeli pyeslərimizdə yoxdursa, bəs tamaşaçıları teatra gətirən nədir? Bu başqa məsələdir ki, yaxşını çox vaxt müasirləri düzgün qiymətləndirə bilmirlər.

 

– Çağdaş teatr üçün iti reaksiyalı dramaturqlar və onu səhnə rakursunda təqdim edə biləcək cəsarətli rejissorlar vacibdir deyə düşünənlər çoxdur...

– Sizinlə razıyam. Doğrudan da, teatr zamanın əhvalına, ovqatına, sərt reallığına tən gəlməli, adekvat olmalıdır. Amma nəzərə almalıyıq ki, bu gün teatr tənqid-təbliğ vasitəsi deyil, olmamalıdır da. Bununla belə, tamaşaçı səhnədən doğru söz eşitməli, real həyatımızın problemlərinin bədii təqdimatını görməlidir.

Onu da deyim ki, yaxşı pyes hələ yaxşı tamaşa deyil. Onun yaxşı tamaşa olması üçün güclü rejissor və bütöv bir kollektivin peşəkarlığı tələb olunur. Teatra təqdim olunan pyeslə müəllif arasına onlarla adam girir. Deməli, hər kəs öz yerində yüksək peşəkar olmalıdır ki, siz deyən dipdiri teatr yaransın. Bildiyiniz kimi, dramaturgiyamızda müəllif tünlüyü yoxdur. Mövcud dramaturqları saymaq üçün bir əlin beş barmağı da çox gəlir. Əslində isə, çox güclü bir teatr mühiti olmalıdır, onlarla dramaturq yetişməlidir ki, içərisindən yaxşı mənada seçilənlər, parlayanlar olsun. Heç olmasa, dramaturgiyaya meyil edən bir neçə gənc müəllifi teatr ənənələri güclü olan xarici ölkələrə təhsil almağa göndərmək lazımdır.

 

– Bunu ona görə soruşdum ki, siz uzunillik pedaqoji təcrübəyə maliksiniz. Yəqin gənc nəsil dramaturq və rejissorların – onların əksəriyyəti universitetinizin məzunlarıdır – bu mənada  narahatlıqlarını duya bilirsiniz...

–  İstənilən yaradıcılıq növü mükəmməl təhsil tələb edir. Əlbəttə, təhsil almadan şeir qoşmaq, əhvalat quraşdırmaq mümkündür, bədahətən meyxana da demək olar, dramaturgiya isə fərqlidir. Dramaturqun yüksək təhsili, mədəni səviyyəsi, teatral düşüncəsi, geniş mütaliəsi olmalıdır. Amma bu saydıqlarım azdır, dramaturq teatrı böyük məhəbbətlə sevməlidir. Dramaturgiya hobbi deyil, ona bütün həyatını verməlisən. Təəssüf ki, dramaturq olmaq istəyən gənclərin çoxu dediyim tələblərə cavab vermirlər. Ali təhsil diplomu almaq naminə bu ixtisasa təsadüfən gələnlər az deyil.

 

– Dramaturgiyaya marağın azlığının səbəbi nədədir?

– Mən deməzdim ki, dramaturgiyaya maraq azdır, əksinə, bir balaca ədəbiyyatda tanınmağa başlayan, şəhər mədəniyyətinə adaptasiya olunan hər bir yazıçı səhnədə və ya ekranda öz əsərini görmək istəyir. Amma istəmək azdır, bunu bacarmaq lazımdır. Demək olar ki, müasir gənc yazarların əksəriyyətini, qiyabi də olsa, tanıyıram, yaradıcılıqları ilə tanışam. Təəssüf ki, onları teatr salonlarında görmürəm, gördüklərim isə məhz dramaturgiyaya meyil edənlərdir.

 

– Hüseyn Cavid deyirdi ki, “Əsərlər zəhərli, əxlaqsız, kefşək bir mövzu təqib edərsə, gec-tez bütün oxucularını da zəhərləmiş olar”. Necə düşünürsünüz, bu günün oxucusu hansı mövzunun əsiridir?

– Böyük dramaturqla tam razıyam. Çox təəssüf ki, indi gənclərin çoxu kitaba yox, ekrana baxır. İnsan ölümü, qəddarlıq, qan-qada, mənəviyyatsızlıq, qorxu, vahimə... Bütün bunlar elə yüksək peşəkarlıqla, istedadla göstərilir ki, təsirə düşməmək çətindir. Bütün bunlardan sonra o gənclərdə yüksək mənəvi dəyərlərdən bəhs edən kitabları oxumağa vaxt, hövsələ və həvəs qalmır. Mənə gələndə, çalışıram janrından asılı olmayaraq, yazılarım insanları mərhəmətə, xeyirxahlığa, insanpərvərliyə, ədalətə, haqqa, doğru olana səsləsin. Əsərlərimdə qəddar səhnələrdən, insanın ləyaqətini alçaldan epizodlardan yan keçməyə çalışıram.

 

– Son dövrlərin statistikasına nəzər saldıqda əsərləri ən çox səhnələşdirilən müasir dramaturqlardan birisiniz. Yəqin ki, məmnunsunuz.

– Bir dəfə çox yüksək məqamda olan məşhur yazıçılardan biri “Şah Qacar”a baxırdı. Antraktda soruşdu neçə pyes yazmısan? Doğrusu, bir az çaşdım, çünki say mənim üçün əsas deyil. Elə bu sualın havasından təsirlənib hesab-kitab açdım, gördüm otuzu keçmişəm. Bir onu bilirəm ki, yazdıqlarımın, demək olar, hamısı müxtəlif teatrlarda dəfələrlə tamaşaya qoyulub. “Varlı qadın”ın iyirminci premyerası ötən il Osetiyada oldu. Məmnunluq məsələsinə gələndə, nə gizlədim, belə bir hiss yox deyil.

 

– Bu günün dramaturgiyası hansı mövzuya borcludur və bir tamaşaçı kimi siz hansı tematikada boşluq görürsünüz? O boşluq ki, tamaşaçı ilə teatr arasında zəncirvarı həlqəni qırır.

– Müasir yazıçı mövzu sarıdan korluq çəkmir, çəkməməlidir. Amma əsas olan mövzu deyil, əsas mövzunu necə təqdim etməkdir, əsərin bədii dəyəridir. Məlum bir ifadə var: teatr həyatın aynasıdır. Belə olmağına belədir, əgər o ayna aldatmırsa, həqiqəti göstərirsə, özü də bədii həqiqəti, o zaman teatr həyatın özündən daha maraqlı, daha inandırıcı, daha təsirli və sirayətedici olur. Bu gün Azərbaycan teatrı, deməzdim ki, cəmiyyət həyatında mühüm yer tutur. Bütün ciddi sənət növləri kimi teatr da internetin, sosial şəbəkələrin, kütləvi əyləncə vasitələrinin ciddi basqısı altındadır. Teatrımız bu gün özünün əsas sənət funksiyasını yerinə yetirir. Buna nə dərəcədə nail olur, bu başqa söhbətin mövzusudur.

 

– Dramaturgiya sizi nəsrdən, roman yazmaqdan bir az uzaqlaşdırdı. Bu, dramaturgiyadakı boşluğu doldurmaq cəhdidir, yoxsa kütləvi oxucu-tamaşaçı ilə ünsiyyət rahatlığı?

– Dramaturgiyaya gələndə artıq iyirmiillik nasir stajım vardı. Oxucularım da kifayət qədər idi. Çap məsələsində də korluq çəkmirdim. Bununla belə, içimdə heç vaxt azalmayan bir teatr sevgisi vardı. Bax, elə həmin sevgi məni dramaturgiyaya gətirdi. İlk pyesim 1990-cı ildə oynandı və böyük uğur qazandı. Bu o zaman idi ki, millətin yeni iqtisadi münasibətlərə uyğunlaşma prosesi çox ağrılı gedirdi, bir az əvvəldə dediyim kimi, yeni azərbaycanlı tipi formalaşırdı. Mən öz qəhrəmanlarımı məhz bu yeni insan tipləri arasından seçirdim. Özüm də heç bir boşluğu doldurmaq fikrində deyildim, sadəcə, mən şəxsimi səhnə əsərlərində ifadə etməyi daha uyğun hesab elədim.

 

– Hər müəllifin özünün, belə deyək, sevimli əsəri olur. Bu bölgü sizdə də varmı?

– Əsərlərimi, xüsusilə pyeslərimi yaxşılara, pislərə bölmək istəməzdim. Çünki onların hər biri mənə alqışlar, sevinc, nəhayət, uğur gətirib. Bununla belə, etiraf edim ki, çox sevdiyim, az sevdiyim, hətta heç sevmədiyim pyeslərim də var. Bəyəndiklərimi isə deyəcəyəm: “Köhnə ev”, “İyirmi ildən sonra”, “Varlı qadın”, “Mesenat”, “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar”, “Nuri-didə Ceyhun”...

 

– Avtobioqrafik romanınızda, həmçinin illər əvvəl qələmə aldığınız “Meydan” əsərində də cəsarətli müəllif mövqeyinizi göstərmisiniz. Toxunmaq istədiyiniz, lakin tərəddüd etdiyiniz mövzular varmı?

– Uzun illərdən sonra yenidən nəsrə bir salam vermək ehtiyacı hiss etdim, 2015-ci ildə “Ağdamda nəyim qaldı” avtobioqrafik romanımı yazdım. Məni razı salan o oldu ki, bu roman bir vaxtlar “Meydan”, “Axirətdən qabaq gəzinti” və “Ölü doğan şəhər” romanlarım kimi oxucular tərəfindən maraqla qarşılandı. Sualınızın əsas məğzinə gələndə, həqiqətən, yazmaq istədiyim, amma bəzi səbəblərdən tərəddüd etdiyim yasaq mövzularım var. Bilmirəm, o mövzuları nə vaxtsa yazacam, ya yox? Bununla belə, bu pandemiya dövründə çoxdan içimdə gəzdirdiyim bir mövzunu, nəhayət, reallaşdırdım. “Pərdəsiz” adlandırdığım bu pyes Azərbaycan teatrının çox məşhur iki aktrisasının bir növ duel-dramıdır. Bu pyesi hələ heç kəsə göstərməmişəm, heç çox ciddi “ev redaktorum” da pyeslə tanış deyil.

 

– Əksər rejissorlar sizin kimi tanınan imzalara üstünlük verirlər. Bu, gəncləri qıcıqlandırmır ki?

– Mən nə rejissorları, nə də teatrları qınayıram. Teatra yaxından bələd olduğuma görə onları yaxşı başa düşürəm. Axı teatr tamaşa istehsal edən müəssisədir, ona lazımdır ki, böyük enerji, istedad, güc, vaxt, nəhayət, pul sərf etdiyi tamaşanın alıcısı olsun, tamaşaçı zalı yarımçıq tərk etməsin. Ona görə də onlar tanınan müəlliflərə, tamaşaçıların sevə biləcəyi əsərlərə müraciət edirlər. İndi yaşından asılı olmayaraq mənim imzam və ya əsərim kimisə qıcıqlandırırsa, bu, mənim problemim deyil.

 

– Siz daha çox dramaturq Əli Əmirli, yoxsa yazıçı Əli Əmirli ilə həmfikirsiniz? Ümumən yaradıcılıqda təzad anlayışı sizin düşüncənizdə izharını necə tapır?

– Janrından asılı olmayaraq bütün əsərlərimin müəllifi səmimiyyətdir. Dramaturq dediklərinə inanmasa, tamaşaçını da inandıra bilməyəcək, nəticədə pyes ölü doğulacaq. Əsərlərimdə boy göstərən onlarla personajın hər biri cinsindən, sosial statusundan, mənfi-müsbətliyindən asılı olmayaraq mən özüməm. Yazı prosesinə başlayanda personajlarım ana bətnindəki rüşeym kimi tədricən yaranmağa, dirçəlməyə, formalaşmağa başlayır, sonra onlar söz, fikir və məzmunla dolurlar. Hər replikanı, dialoqu yazdıqca artıq onların səsini eşidirəm, o səsin tembrini seçirəm, nəhayətdə, onları valideyn məhəbbəti ilə sevirəm. Əgər bu məhəbbət içimdə oyanmırsa, onları sevmirəmsə, deməli, təsvir etdiyim hadisənin bədii həqiqətini tapmamışam. Onda kompüterdən aralanmağa üstünlük verirəm. Müəllifin daxili konflikti, təzadlı düşüncələri olmasa, dramatik əsər heç cür yarana bilməz. Hər bir dram əsərinin vacib bir konflikti olmalı, dinamikanı da o təmin etməlidir. Bütün bunların məkanı, əlbəttə, dramaturqun öz dünyasıdır.

 

– Əsərlərinizin səhnə taleyi, gələcəyi barədə necə, düşünürsünüzmü?

– Teatr “indi və bu gün” prinsipi ilə işləyir. Sabahı düşünüb işləyən teatrın, elə dramaturqun da nə bu gün, nə də sabah tamaşaçısı olacaq. Biz tez-tez “gələcək”, “gələcək nəsil” deyib narahat oluruqsa, bəs müasir nəslin dərdini kim çəkəcək? Dramaturgiyam məhz bu gün maraq doğurursa, tamaşaçı gətirirsə, deməli, bir dramaturq kimi mən vəzifəmi yerinə yetirə bilirəm. Əsərlərimin gələcək taleyi isə məni o qədər düşündürmür. Pyeslərimin taleyi ilə canfəşanlıqla məşğul olmuram.

Söhbətləşdi: Həmidə NİZAMİQIZI