Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlamasının 10 ili tamam olur. Sentyabrın 27-də bununla bağlı mərasim keçiriləcək.
Yubiley münasibətilə Özbəkistan Dövlət Film Fondunun dəstəyi ilə Daşkənddəki “First Art Media” şirkəti tərəfindən “Qızıl körpü” adlı sənədli film çəkilir.
Sənədli film iki ölkə arasında tarixi dostluğa, habelə AMM-in 10 illik yubileyinə həsr olunmuş musiqi klipi ilə başlayacaq. Klipin sözlərinin müəllifi özbək şair Arif Toxtaş, ifaçısı isə Özbəkistanın Xalq artisti, tanınmış opera müğənnisi Ramiz Usmanovdur.
Özbəkistan Dövlət Film Fondunun direktoru Tahir Kuçkarbekov AMM-in fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, mərkəz iki ölkə arasında mədəni əlaqələr sahəsində mühüm işlər həyata keçirib. Filmdə Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin inkişaf yoluna nəzər salınacaq, mərkəzin bu istiqamətdə töhfələri işıqlandırılacaq.
Filmdə ötən illərdəki fəaliyyətdən bəhs edən AMM-in direktoru Samir Abbasov bildirib ki, mərkəz iki ölkə arasında mədəni-humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi məqsədilə müxtəlif tədbirlər, mübadilə proqramları, təşkilatlar arasında ikitərəfli əməkdaşlığa yol açan layihələr həyata keçirir. O, Prezident İlham Əliyevin 2020-ci ildə AMM-in binasının açılışındakı çıxışından sitat gətirib: “Bu mərkəz, əslində, Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür. Mərkəzdə, eyni zamanda Özbəkistan-Azərbaycan dostluq muzeyi də fəaliyyət göstərir. Mədəniyyət mərkəzi ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır”.
Qeyd edək ki, ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən AMM Prezident İlham Əliyevin 2010-cu il sentyabrın 27-də Özbəkistana rəsmi səfəri zamanı açılıb.