Dünyanın turizm gündəmi Tbilisidə müzakirə edilib
Sentyabrın 16-17-də Gürcüstanın paytaxtı Tbilisidə Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) İcraiyyə Şurasının 112-ci sessiyası keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycanın İspaniyadakı səfiri, eyni zamanda Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov, ölkəmizin Gürcüstandakı səfirliyinin müvəqqəti işlər vəkili Sərxan İsmayılov və Dövlət Turizm Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Talıbzadə təmsil ediblər.
Sessiyanın açılışında Gürcüstanın Baş Naziri Giorgi Qaxaria çıxış edərək ölkəsinin turizm imkanları, koronavirus pandemiyasının iqtisadiyyata, o cümlədən turizm sektoruna ciddi mənfi təsiri barədə məlumat verib.
UNWTO-nun baş katibi Zurab Pololikaşvili hesabat məruzəsi ilə çıxış edib. O, mövcud pandemiya şəraitində turizmin inkişafı ilə əlaqədar qarşıda duran vəzifələr, bu sahədə regional əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.
Azərbaycan nümayəndə heyətinin üzvləri ayrı-ayrı görüşlərdə ölkəmizin turizm potensialı, əməkdaşlıq imkanları barədə məlumat veriblər.
Sessiyada UNWTO İcraiyyə Şurasının turizm və rəqabətlilik, turizm və davamlılıq, eləcə də statistika komitələrinin hesabatları dinlənilib, təşkilata assosiativ üzvlüklə bağlı müraciətlərə baxılıb.
Sessiyanın sonunda qəbul olunan yekun sənəddə (Tbilisi bəyannaməsi) təşkilatın dünya ölkələrinə turizm səyahətlərinin başlanması ilə bağlı çağırış da yer alıb. Qeyd olunur ki, UNWTO İcraiyyə Şurası indiki vəziyyətdə sərhədlərin açılmasını mümkün sayır. Təşkilat hesab edir ki, ölkələr təhlükəsizlik tədbirlərinə ciddi riayət etməklə və müxtəlif innovativ məhsullardan istifadə etməklə səyahətçiləri qəbul etməyə başlamalıdır.