Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə sentyabrın 25-də (saat 17:00) əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək.

Tədbir Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə ölkə başçısının imzaladığı müvafiq sərəncama əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil ediləcək.

Sərgi xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun xatirəsini yad etmək məqsədilə həyata keçirilir.

Virtual sərgidə Əhmədiyyə Cəbrayılovun ailə arxivindən götürülmüş fotolar, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş İkinci Dünya müharibəsi dövrünə aid rəsm əsərləri nümayiş etdiriləcək.

Təqdimatda Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən vətənpərvərlik mahnısı müsabiqəsinin qalibi, gənc bəstəkar Tural Məmmədlinin “Zəfər müjdəsi” marşından istifadə edilib.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.