Bakı Musiqi Akademiyasının (BMA) Elmi-tədqiqat laboratoriyası tərəfindən böyük bəstəkarlar Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin 135 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib.
BMA-dan bildirilib ki, “Dahi Üzeyir Hacıbəylinin ölməz irsi” adlı onlayn konfransı laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə açaraq iştirakçıları Milli Musiqi Günü münasibətilə təbrik edib, tədbirin mövzusu haqqında məlumat verib.
Xalq artisti, görkəmli tarzən, professor Ramiz Quliyev də konfransın əhəmiyyətindən danışıb.
Onlayn konfransda BMA-nın elmi-yaradıcılıq üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadənin “Ü.Hacıbəylinin əsərlərində qadın hüquqları problemi”, Bakı Xoreoqrafiya Akademiyasının elmi-yaradıcılıq işləri üzrə prorektoru, professor Sonaxanım İbrahimovanın “Xoşbəxt evliliyin qaydaları” (“Arşın mal alan”ın motivləri üzrə BXA-nın eyniadlı balet tamaşası), N.İsmayılzadənin “Əbədi yaşayan sənətkarlar – Ü.Hacıbəyli və M.Maqomayev”, ADPU-nun Şamaxı filialının elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Şasəddin Mikayılovun “Ü.Hacıbəyli yaradıcılığında milli musiqi dünyagörüşünün bəzi xüsusiyyətləri”, Naxçıvan Dövlət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədlinin “Xəlqilik Ü.Hacıbəyli yaradıcılığının əsas meyarı kimi”, elmi-tədqiqat laboratoriyasının əməkdaşlarından sənətşünaslıq üzrə fəlsəfə doktorları İmina Əliyevanın “Üzeyir Hacıbəyli və dünya musiqi mədəniyyəti” və Rauf Bəhmənlinin “Ü.Hacıbəylinin yaradıcılığında xalq rəqslərinin əhəmiyyəti”, doktorantlar Fidan Nəsirovanın “Hacıbəylilər nəslinin Azərbaycan musiqisinin inkişafında rolu” və Könül Əhmədovanın “Ü.Hacıbəylinin ədəbi və musiqi yaradıcılığında satira” mövzusunda məruzələri dinlənilib.