Azərbaycan Turizm İnstitutunda bu adda sərgi keçirilib
   
   Fevralın 24-də Azərbaycan Turizm İnstitutunda Almaniyanın ölkəmizdəki səfirliyi ilə birgə «Almaniya-səyahətlər ölkəsi» adlı sərgi təşkil edilib. Sərgidə Almaniyanın memarlıq, incəsənət, turizm və digər sahələrini əhatə edən 25 plakat və “Bura Almaniyadır” adlı qısametrajlı film nümayiş etdirilib.
   Tədbiri giriş sözü ilə açan ATİ-nin xarici dillər kafedrasının müdiri Kifayət Ağayeva fotoqrafiyanın hamı tərəfindən incəsənətin bir növü kimi qəbul edildiyini deyərək vurğulayıb ki, bu incəsənət növünün müasir tərzdə yaşaması böyük imkanlara yol açır: «Bu gün hər bir insan öz daxili dünyasını, hisslərini fotokamera vasitəsilə ifadə etmək, duyğularını əks etdirmək imkanı əldə edib».
   Almaniyanın ölkəmizdəki səfirliyinin katibi Robert Tesner də sərgi barədə fikirlərini söyləyib. Sərgidə nümayiş etdirilən plakatların təmsil etdiyi ölkənin səfirliyi tərəfindən ATİ-yə hədiyyə edildiyini deyən R.Tesner, adıçəkilən institutla əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini bildirib.
   Qeyd edək ki, sərgidə Norveçin ölkəmizdəki səfiri, Koreya səfirliyinin əməkdaşları və digər nümayəndələr iştirak edib. Tədbir iştirakçılarının bu cür sərgilərin keçirilməsində əsas məqsədləri ölkələrinin təbliğatlarını təşkil etmək, eyni zamanda tələbələrdə ölkələri haqda dolğun təsəvvür yaratmaqdır.