Əli bəy Hüseynzadə. Biz onu ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı-publisist, musiqişünas, rəssam kimi tanıyırıq. Onun Azərbaycan və türk dünyası üçün misilsiz xidmətlərini minnətdarlıqla yada salırıq. Bu dühanın zəngin həyat və fəaliyyətində rəssamlıq yaradıcılığı hər zaman xüsusilə diqqətimi cəlb edib...
O, 24 fevral 1864-cü ildə Salyanda ruhani ailəsində dünyaya gəlmişdi. Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qız nəvəsi idi. İbtidai təhsilini Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində altısinifli məktəbdə alan Əli bəy daha sonra birinci şəhər gimnaziyasında oxumuşdur. Sankt-Peterburq Universitetinin Fizika-riyaziyyat (1885-1889), sonra İstanbul Universitetinin Hərbi tibb fakültəsində (1890-1895) ali təhsil almışdır.
Sankt-Peterburq Universitetində Mendeleyev kimi böyük kimyaçı alimlərdən dərs alan Əli bəy universitetin Şərqşünaslıq fakültəsində Jukovskinin mühazirələrini də dinləmiş, Rəssamlıq Akademiyasının məşğələlərində iştirak etmişdir. İstanbulda Heydərpaşa xəstəxanasında yüzbaşı rütbəsində dermatoloq ixtisası üzrə həkim (1895-1897) işləmişdir. 1897-ci ildə Türkiyə-Yunanıstan müharibəsi başlanarkən türk Qızıl Aypara Cəmiyyətinin heyətində üç il hərbi xidmətdə olmuş, 1900-cü ildə İstanbul Universitetinin Tibb kafedrasında dosent vəzifəsinə seçilmişdi. Türkiyədə qaldığı müddətdə Əli bəy tiblə bağlı elmi araşdırmalarla yanaşı, Con Milton, Heyne və başqa müəlliflərin əsərlərini türk dilinə tərcümə edir. Eyni zamanda bədii və elmi yaradıcılıqla da məşğul olur.
Azərbaycana dönən Ə.Hüseynzadə yaxın dostu, tanınmış ictimai-siyasi xadim, jurnalist-yazıçı Əhməd bəy Ağayev (1869-1939) ilə birlikdə 1905-ci ildə “Həyat” qəzetinin nəşrinə nail olurlar. Əli bəyin məşhur “Türklər kimdir və kimlərdən ibarətdir” məqaləsi “Həyat”da dərc olunur. Bu dövrdə onun yazıları “Kaspi”, “İrşad”, “Tərəqqi”, “Həqiqət” kimi qəzetlərdə yayımlanır. Əli bəyin milli mesenat Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Bakıda nəşr etdirdiyi “Füyuzat” dərgisi (1906-1907) də ədəbi-ictimai fikirdə önəmli yer tuturdu. Ə.Hüseynzadə mətbu fəaliyyət ilə yanaşı Bakıdakı “Səadət” məktəbində ədəbiyyat müəllimi kimi də çalışır.
Azərbaycanda milli-ictimai fikrin öncülləri sırasında dayanan Ə.Hüseynzadə türkçülük və dövlətçilik məfkurəsinin inkişafında müstəsna rol oynamışdır. Onun Cümhuriyyətimizin ucaltdığı və bu gün də dövlət rəmzimiz olan bayrağımızın rənglərində öz əksini tapmış triadası – türkçülük, islamçılıq və müasirlik böyük mütəfəkkirin elmi-ideoloji baxımdan uzaqgörənliyini aydın şəkildə göstərir. Ömrünün son onilliklərini Türkiyədə yaşayan böyük ideoloq 17 mart 1940-cı ildə İstanbulda vəfat etmişdir...
Qeyd etdiyimiz kimi, Ə.Hüseynzadənin həm də gözəl rəsm çəkmək qabiliyyəti olmuşdur. 1880-ci illərdə çəkdiyi “Şeyxülislamın portreti” başda olmaqla digər əsərləri Hüseynzadəni müasir Azərbaycan boyakarlığının banisi adlandırmağa əsas verir. “Səlyani” imzası ilə akvarellə çəkilmiş “Tessaliyada türk əsgərləri” əsərləri müəllif tərəfindən Sultan Həmidə, “Plenə qəhrəmanı Osman paşa”nın yağlı boya ilə yaradılmış portreti isə İran hökmdarı Müzəffərəddin şaha hədiyyə edilmişdir. Bu əsərə görə şah onu “Şiri-xurşid” ordeni ilə təltif etmişdir.
Onu da qeyd edək ki, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının 1908-ci ildə ilk tamaşasına Ə.Hüseyzadənin bədii tərtibat verməsi ilə bağlı elmi faktlar mövcuddur. Rəssamın “Əli bəy Hüseynzadənin qohumları: Nisə xanım və İsmayıl bəyin qızı Böyükxanım”, “Natürmort”, “Səidə Turan”, “Səlim Turanın uşaqlığı”, “Mustafa Kamal Atatürk”, “Əli bəy Hüseynzadə həbsxanada”, “Musa peyğəmbər və çoban”, “Bibiheybət”, “Şah Süleyman türbəsi”, “Şamaxı zəlzələsi”, “Atatürk və Lətifə xanım”, “Mənzərə”, “Cənnət qılıncların kölgəsi altındadır” adlı əsərləri onun təsviri sənət anlayışının necə dolğun olduğunu, professionallığını ortaya qoyur. Onun rəsmlərində ideya ilə rənglərin harmoniyası mövcuddur. Həmçinin ideyanın açılmasında rəng həlli mühüm rol oynayır.
Ə.Hüseynzadənin rəssamlıq qabiliyyəti onun övladları Səlim Turan və Feyzavər Alpsar Turana da keçmişdir. Səlim Turan (1915-1994) Türkiyədə abstraksionizmin banisi və dünyada tanınmış nümayəndəsi hesab edilir. Feyzavər Alpsar (1919-2020) da peşəkar rəssam kimi tanınmış, Türkiyədə dəfələrlə sərgiləri keçirilmişdir. O da qardaşı kimi İstanbulda Memar Sinan Gözəl Sənətlər Universitetində təhsil almışdır. Feyzavər xanım Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına da töhfələr vermişdir. 2017-ci ildə onun təşəbbüsü ilə Ə.Hüseynzadənin irsinə aid 161 ədəd eksponat ölkəmizə hədiyyə olunmuşdur. Bunların arasında Əli bəyin təsviri sənət əsərləri də vardır. Hazırda bu yadigarlar Azərbaycan İstiqlal Muzeyində qorunub saxlanılır...
“Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli” mütəfəkkir Əli bəy Hüseynzadənin ölməz ideyaları kimi təsviri sənət salnaməmizə verdiyi töhfələr də heç vaxt unudulmayacaq.
Gülgün XANKİŞİQIZI
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı