Son illər Azərbaycanda turizm sahəsində sürətli artım və inkişaf müşahidə edilməkdədir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi fəal marketinq və reklam-təbliğat siyasəti, həmçinin turizm biznesinin müvəffəqiyyətli inkişafının əsaslarından olan turizm sənayesinin inkişafını stimullaşdıran siyasət də daxil olmaqla, bütün istiqamətlərdə daimi iş aparır.
CNN, «Euronews» kimi xarici televiziya kanallarında ölkəmizin turizm potensialı haqqında hər il yenilənən reklam çarxlarının nümayiş etdirilməsi, beynəlxalq turizm sərgilərində Azərbaycanın təmsil olunması bir çox nüfuzlu beynəlxalq mətbuat orqanlarının diqqətini ölkəmizə yönəldib. Bu səbəbdəndir ki, İndoneziyanın “Jakarta Post” qəzetində Azərbaycanın zəngin mədəniyyəti, maraqlı və qədim tarixi obyektləri və böyük turizm imkanları haqqında ətraflı bilgi verən məqalə dərc olunub.
Məqalədə Azərbaycanın musiqisi, görməli yerləri - İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Fəvvarələr meydanı, Dənizkənarı Milli Park, çoxlu əyləncə və istirahət mərkəzləri haqqında məlumat verilib.
Bundan əlavə, “Jakarta Post” qəzetində turistlər üçün Azərbaycana olan beynəlxalq aviauçuşlar, ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar, restoranlar, valyuta sistemi haqqında məlumatlar dərc edilib. Həmçinin məqalədə ölkəmizdə neft sektorunun sıçrayışı və bununla turizm sahəsinin sürətli inkişafı qeyd olunur və Azərbaycan turistlər üçün çox maraqli istiqamətlərdən biri kimi təqdim olunur.
FƏXRİYYƏ