Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi tərəfindən bu ilin 14 aprelində elan edilən “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinə yekun vurulub. Müsabiqənin əsas məqsədi cəmiyyətdə muzey işi sahəsinə yaradıcı münasibətin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, həmçinin mədəniyyətimizə marağın artırılmasıdır.
Müsabiqə çərçivəsində Museum.az portalının “Facebook” səhifəsinin izləyicilərinə Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin fondunda saxlanılan 14 unikal eksponat təqdim edilmişdi. Müsabiqə iştirakçıları eksponatlardan birini seçərək ona həsr olunmuş yeni hekayə yazmalı idi.
Müsabiqənin dörd kateqoriya – Qran-pri kateqoriyası üzrə 3, “Ən yaxşı xarici dildə yazılan hekayə” kateqoriyası üzrə 4, “Ən yaxşı məktəbli hekayəsi” kateqoriyası üzrə 3 və “Ən yaxşı hekayə” kateqoriyası üzrə 9 olmaqla ümumilikdə 19 qalibi münsiflər heyəti tərəfindən seçilib.
Xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, sentyabrın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən mükafatlandırma mərasiminə iki əsas kateqoriya (Qran-pri və “Ən yaxşı məktəbli hekayəsi”) üzrə 5 qalib dəvət olunmuş və Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov tərəfindən qaliblər mükafatlandırılmışdı.
Sentyabrın 24-də müsabiqənin qalan iki – “Ən yaxşı xarici dildə yazılan hekayə” və “Ən yaxşı hekayə” kateqoriyaları üzrə qalibləri də mükafatlandırılıb. Qaliblərə diplom və hədiyyələr nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsində təqdim edilib.
Müsabiqənin bütün qaliblərinin hekayələrinin toplanaraq kitab şəklində nəşr edilməsi və ictimaiyyətə təqdim edilməsi də nəzərdə tutulur.