Azərbaycanın təhsil ocaqlarında rəssamlığın tədrisi bilavasitə 1920-ci ildə Bakıda Rəssamlıq məktəbinin açılmasından sonra başlayıb. Bu məktəbin ilk müəllimləri də paytaxtda müxtəlif tərtibat işlərini həyata keçirməyə dəvət olunan rusiyalı rəssam və heykəltəraşlar olublar. Yalnız Əzim Əzimzadənin bu məkana gəlişi və səmərəli fəaliyyəti yerli kadrlara inamın yaranmasını şərtləndirmişdir. Böyük sənətkarın incəsənətlə bağlı dövlət idarələrində çalışması, sonra isə bu məktəbə rəhbərlik etməsi təsviri sənət kimi önəmli bir sahənin mənəvi yükünü daşıya biləcək milli kadrların yetişməsinə ciddi təsir göstərmişdir. Onun təşəbbüsü ilə Moskvaya göndərilən gənclərdən biri də Əliağa Məmmədov (1911-1990) olmuşdur.
1933-cü ildə Bakı Rəssamlıq Texnikumunu bitirən Ə.Məmmədov 1934-1940-cı illərdə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunun Qrafika fakültəsində təhsil almışdır. Vətənə qayıtdıqdan sonra bir vaxtlar təhsil aldığı texnikumda pedaqoji fəaliyyətə başlamışdır. Onu bu gün xatırlamağımız da rəssamlığın respublikamızda tədrisində dərin iz salması ilə bağlıdır. Çox qısa bir müddətdə yüksək pedaqoji və təşkilatçılıq bacarığı ilə tanınan Əliağa Məmmədovun 1941-ci ildə texnikuma direktor təyin edilməsi də təbii qəbul olundu...
1951-ci ilə kimi bu vəzifədə çalışan və bu müddətdə daha çox fərdi yaradıcılıq məsələlərini ikinci plana keçirən rəssam Azərbaycan təsviri sənətində ad qazanmış yüzlərlə sənətkarların ilk müəllimi olmuşdur. Prinsipiallığı ilə seçilən pedaqoq-rəssamın bəzən qəbul etdiyi qərarlar birmənalı qarşlanmasa da, hamı onun obyektivliyinə inanırdı.
Onun yaradıcılığını şərh etməzdən əvvəl deyək ki, zamanında fərdi yaradıcılıq qayğılarını ikinci plana keçirib, daha çox gənc kadrların yetişdirilməsi ilə məşğul olan təkcə Əliağa müəllim olmayıb. Həmin rəssam-pedaqoqlar bəlkə də çox məşhur yaradıcı-rəssam və fəxri ad daşıyıcıları da ola bilərdilər. Bunu onların yadigar qoyub getdikləri çoxsaylı əsərlər də təsdiqləyir. Amma onlar təsviri sənətimizin gələcəyini düşünərək müəllimlik etməyə üstünlük veriblər. Bu gün Bağır Maratlı, Kamil Xanlarov, Əyyub Hüseynov, Əyyub Məmmədov, Əbdülxalıq Rzaquliyev, Əyyub Fətəliyev, Hafiz Məmmədov, Lətif Feyzullayev, Sabir Şıxlı, Məmməd Salahov, Nadir Axundov, Məsmə Ağayeva və b. sənətkarların xeyirxahlıqla xatırlanması da ilk növbədə onların müəllim kimi çoxsaylı gənclərin yaradıcılıq ilhamını pərvazlandıra bilmələri ilə bağlıdır. Heç şübhəsiz, Əliağa Məmmədovun pedaqoq-rəssamların sırasında özünəməxsus və bənzərsiz yeri vardı...
Moskvadakı təhsil illərində məşhur bərpaçı-rəssam İ.E.Qrabardan dərs alan Əliağa müəllim dərs prosesində ondan iqtibaslar gətirməyi xoşlayardı. Rəngkarlıq məşğələlərində qara rəngdən uzaq olmağı, rəsm dərslərində isə xırdaçılığa varmadan, formanın və həcmin qabardılmasına diqqət yetirməyi tövsiyə edərdi. Elə özünün davamlı olaraq çəkdiyi akvarellərdə bunu görmək mümkün idi. Tələbələri ilə birlikdə işləməyi sevən rəssam, plenerdə onlara nümunə ola biləcək qrafik əsərlər yaratmaqla, sözlə deyiləcək tövsiyələri bilavasitə əyani şəkildə onlara göstərir, nümunə götürməyə səsləyirdi.
Əliağa Məmmədovun Azərbaycan qrafikasına verdiyi töhfələr yaddaqalandır. Moskvada yiyələndiyi qrafik texnika və vərdişləri çoxsaylı əsərlərində tətbiq etməklə materialdan istifadənin əhəmiyyətini həmkarlarına və tələbələrinə nümayiş etdirərdi. O, Azərbaycanın ilk ofortçu-rəssamlarından idi, bu texnikaya bələdliyini hələ diplom işində sərgiləmişdi. 30-cu illərdə Nizami Gəncəvi mövzusunda işlədiyi ofortlar silsiləsi gələcəkdə onun bu texnikanı yaşadanlardan biri olacağına ümidlər oyatmışdı. Ə.Məmmədovun Nizami mövzusunda işlədiyi silsilə ofortların süjetləri dahi söz ustasının poeziyasını əhatə etsə də, rəssam həmin dövrdə humanist tutumlu ayrıca “Nizami kəndlilər arasında” ofortunu yaratmaqla “Xəmsə” müəllifinin xatirəsinə sonsuz ehtiramını bildirmişdi.
Rəssamın dahi şairin ədəbi irsinə bədii münasibətində isə poema qəhrəmanlarının yaşantılarına tutulan “bədii güzgü” kifayət qədər təsirlidir. Onun nakam məhəbbət dastanı olan “Leyli və Məcnun”a həsr olunmuş ofortlarında bu daha qabarıq duyulmaqdadır. Müxtəlif motivlərin ağ-qara cizgilərin axıcı ritmində ifadə olunan bədii tutumu həm də düşündürücülüyü ilə diqqət çəkir. “Məcnunun atası ilə görüşü” və “Məcnun Leylinin məzarı yanında” lövhələri vurğuladığımız məziyyətlərin əyani görüntüsü sayıla bilər. Poema qəhrəmanlarını qərarlaşdıqları məkanlarla sıx əlaqədə təqdim edən müəllif, bununla həm də yaşananların psixoloji yükünü təsirli görkəmdə əks etdirməyə nail olub. Bir-birinə sarılmış ata ilə oğulun, eləcə də sevgilisinin məzarı ilə baş-başa qalmış Məcnunun iztirabları bu qrafik lövhələrdə yaddaqalan biçimdə təqdim olunmuşdur.
Əliağa Məmmədovun 40-cı illərin sonunda istehsalat mövzusunda yaratdığı ofortlarda da onun əvvəlki kimi realist-gerçəkçi bədii ənənələrə sadiq qaldığı görünməkdədir. “Qazma prosesində”, “Maşınqayırma zavodunun sexində”, “Limanda”, “Gənc qəlibçilərin briqadası”, “Qazanxanaçıların səhəri”, “Xırman vaxtı”, “Daha uca” və s. lövhələrdə əməkçilərin fəaliyyətinin cəlbedici və yaddaqalan biçimdə təqdimatı duyulmaqdadır.
Rəssamın 40-50-ci illərdə respublikanın baş tikinti meydanlarından birinə çevrilən Mingəçevirə yaradıcılıq səfərindən sonra yaratdığı lövhələr də maraqlı dəzgah qrafikası nümunələrindən sayılır. Onun akvarellə çəkdiyi “Mingəçevir su-elektrik stansiyası” və “Daş dağı”, eləcə də ofort texnikasında yaratdığı “Beton zavodunun yanında”, “Özülə yol”, “Yeni məcra” və “Stansiyanın özülündə” əsərlərində tikilməkdə olan obyektin əzəməti duyulmaqdadır.
O dövrdə respublikada aparılan şəhərsalma və abadlıq işləri, digər rəssamlarla yanaşı, Əliağa Məmmədovun da diqqət mərkəzində olmuşdur. Bu mənada onun çəkdiyi “Mingəçevir motivləri” (1958) adlı ofortlar silsiləsini və çoxsaylı akvarel mənzərələrini qeyd etmək olar.
Ömrünün sonrakı illərində də pedaqoji fəaliyyətlə yanaşı fərdi yaradıcılığını davam etdirən Əliağa müəllim akvarellə çəkdiyi çoxsaylı dəzgah qrafikası nümunələrində Bakının və Abşeronun gözoxşayan guşələrinə bədii görkəm vermiş, bu texnikanın bənzərsiz ustalarından olduğunu təsdiqləmişdir. “Molokan bağı”, “Bakı payızı”, “Yeni tikintidə”, “Dənizkənarı parkda”, “Yağışlı gün” və akvarel təravəti və şəffaflığı böyük sənətkarlıqla ifadə olunan digər neçə-neçə lövhə milli qrafika irsimizə layiqli töhfələrdir.
1971-ci ildə Əliağa müəllimin anadan olmasının 60 illiyi münasibətilə V.Səmədova adına salonda təşkil olunan fərdi sərgisindəki tamaşaçı qələbəliyini indi də yaxşı xatırlayıram. Əslində, bu seyrçilərin əksəriyyəti onun tələbələri idilər. Onların arasında respublikanın neçə-neçə tanınmış, adlı-sanlı, fəxri adlar daşıyıcısı olan fırça ustası vardı. Yetişdirmələrindən saysız-hesabsız təbrikləri qəbul edən Əliağa müəllim, qənaətimizcə, həmin an heç bir fəxri ad daşımadığının fərqində deyildi. Belə bir məqamda onu daha çox qürurlandıran zəhmətinin hədər getmədiyini dərindən hiss etməsi, bu münasibətlə tələbələrinin qurduğu təntənəyə şahidlik etməsi, pedaqoq-rəssam peşəsinin şirinliyini dərindən duyması idi...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor