Bütün varidatını xeyriyyəçiliyə sərf edən milyarder
Xeyriyyəçilik fəaliyyəti ilə ad çıxaran amerikalı milyarder Çak Fini bu günlərdə daha bir addımı ilə dünya mediasında gündəmə gəlib. Milyarder xeyriyyəçilik fəaliyyətinə son verib. Daha dəqiqi, indiyədək əldə etdiyi 8 milyard dollardan son ianələri də xeyriyyəçiliyə ayıraraq bütün sərvəti ilə vidalaşıb.
Biznesmenin 40 ilə yaxın fəaliyyət göstərən “Atlantik” Xeyriyyə Fondu da beləcə son vəsaitini də xərcləyərək bağlandığını elan edib. Çak Fini var-dövlətini tamamilə xeyriyyəçiliyə sərf edən milyarder kimi tarixə düşüb.
Əslən irlandiyalı olan 89 yaşlı Çak Fininin (Çarlz Frensis Fini) həyatı “Amerika arzusu”nun klassik nümunəsi sayıla bilər. Fəhlə ailəsində dünyaya gələn Çak pul qazanmaq üçün qartəmizləyən işləyər və Milad açıqcalarının satışı ilə məşğul olardı. Tale onu Nyu-York ştatının Kornell Universitetinə gətirir. O öz təbəqəsində bu universitetə ilk daxil olanlardan biri idi.
Universitet həyatı ona təhsillə bərabər həm də gələcək əlaqələrini qurmaq və uğur qazanmaq üçün imkanlar yaradır. Fini universitetdə Robert Millerlə tanış olur. Sonralar onlar birlikdə 1960-cı ildə hava limanlarında rüsumsuz birbaşa alış-veriş etmək imkanı yaradan “Duty Free Shoppers” şirkətini qururlar. Həmin dövrdə Şərqi Asiyaya tez-tez səyahət edən Amerika hərbçiləri şirkətin əsas müştəriləri idi.
İlk “Duty Free” mağazası 1962-ci ildə ABŞ-ın Qonolulu aeroportunda açılır. Bir müddət sonra artan gəlir sayəsində ABŞ-dan kənarda, Avropa və Asiyada da aeroportlarda belə mağazalar açılır. Bununla da Fini və ortağı milyarderlər siyahısına daxil olurlar.
Ç.Fini 1982-ci ildə “Atlantik” Xeyriyyə Fondunu yaradır. Onun xeyriyyəçilik fəaliyyəti anonimliyi ilə seçilirdi, yəni etdiyi ianələrdə özünü heç vaxt bəlli etmirdi. Yalnız 15 il sonra, milyarder öz şirkətini Fransanın LVMH transmilli şirkətinə satanda onun “Atlantik” Xeyriyyə Fondunun sahibi olduğu üzə çıxdı.
Anonim qalmasına baxmayaraq, Ç.Fini sosial investisiyalarını fəal şəkildə idarə edir, fondun yardım etdiyi bölgələrdə səyahətdə olur, yerli əhali ilə görüşərək onların ehtiyacları haqqında mütəmadi məlumat alırdı. O, əsasən diqqətdən kənarda qalan regionların inkişafına dəstək olurdu.
Ç.Finini başqa xeyriyyəçilərdən fərqləndirən daha bir cəhət də onun “Nə qədər ki sağsan, paylaş” devizi ilə yaşamasıdır. Amerikada bir çox milyarderlər sərvətlərinin böyük hissəni ölümlərindən sonra xeyriyyə layihələrinə vəsiyyət edirlər. Lakin Ç.Fini pullarını ölümündən əvvəl xeyriyyə fonduna köçürərək 2020-ci ildə son vəsaiti də təyinatı üzrə sərf edib qurtarmağı planlaşdırmışdı. Onun xeyriyyəçilik fondlarının maliyyə yardımının dəyəri bu günə qədər 8 milyard dollara çatıb. Yardım sahələri arasında ən çox təhsilə yer verilib. Fond səhiyyə sahəsini də diqqətdə saxlayıb, həmçinin insan hüquqlarının qorunmasına və digər sosial ehtiyacların təmin edilməsinə də ianə ayırıb.
Artıq keçmiş milyarder sayılan Ç.Fini kasıb kimi ölmək arzusunda olduğunu bildirmişdi. İndi onun var-dövlətindən yalnız ömrünü sakit başa vuracağı evi və bir neçə yerdə kirayə verdiyi mənzilləri qalıb.
Hazırladı: LALƏ