AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Dövr və Azərbaycanda maarifçilik” mövzusunda onlayn respublika elmi konfransı keçirilib.
İnstitutdan bildirilib ki, konfrans tanınmış maarifçi filosof, fəlsəfə elmləri doktoru, professor Ənvər Əhmədovun 100 illik yubileyinə həsr olunub.
Tədbiri institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açaraq Ənvər Əhmədovun elmi fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat verib. Bildirib ki, Ənvər Əhmədov öz elmi fəaliyyəti ilə Azərbaycan fəlsəfəsini keçmiş sovetlər məkanında layiqincə təbliğ edərək maarifçilik istiqamətində böyük işlər görüb.
Konfransda “A.Bakıxanovun irsinin tədqiqi və təbliğində professor Ənvər Əhmədovun xidmətləri”, “Gənc filosofların yetişməsində professor Ənvər Əhmədovun rolu”, “Azərbaycan maarifçiliyi Ənvər Əhmədovun tədqiqatlarında”, “Ənvər Əhmədov məntiqçi alim kimi” və s. mövzularda məruzələr dinlənilib.