Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi erməni vandalizmi haqqında dünya muzeylərinə müraciət edib
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, Gəncə şəhərini raket atəşlərinə tutması və işğalçı dövlətin yeni təhdidləri ilə bağlı dünya muzeylərinə müraciət yayıb.
Müraciət Luvr (Fransa), Metropoliten (ABŞ), Britaniya Muzeyi, Liverpul Milli Muzeyi (İngiltərə), Prado Muzeyi (İspaniya), Duomo və Pinakoteka Brera muzeyləri, Dojlar Sarayı Muzey Kompleksi (İtaliya), Şotlandiya Milli Muzeyi, Sloveniya Milli Muzeyi, Səudiyyə Ərəbistanı Milli Muzeyi, Bəhreyn Milli Muzeyi, İran Milli Muzeyi və s. – ümumilikdə dünyanın 5 qitəsindəki 100-dək muzeyə, nüfuzlu muzey nəşrlərinə, informasiya agentliklərinə ünvanlanıb.
İngilis, fransız, alman, ispan, rus, ərəb, fars və digər dillərdə tərtib edilən müraciətdə işğalın davam etdiyi 30 ilə yaxın müddətdə təcavüzkar Ermənistanın Azərbaycan mədəniyyətinə vurduğu ağır zərbələrdən də bəhs edilir, qəsbkar dövlətin hədəflərindən birinin də Azərbaycan mədəniyyəti incilərinin məhv edilməsi olduğu xüsusi vurğulanır.
Dünya muzeylərində çalışan həmkarlarını Ermənistanın Azərbaycan Respublikasına qarşı davam edən hərbi təcavüzünün qarşısını almaqda etiraz səslərini qaldırmağa və həmrəyliyə çağıran Nizami muzeyinin kollektivi bu işğalın həm də dünya mədəni irsinə, ümumbəşəri dəyərlərə vurulan ağır zərbə olduğunu bəyan edir.
“Biz müxtəlif ölkələrdə yaşasaq da, ayrı-ayrı dillərdə danışsaq da, hamımızı birləşdirən vacib bir cəhət var. Siz də, biz də mühüm humanist missiyanı yerinə yetirir, ədəbiyyatın, mədəniyyətin, mənəvi sərvətlərin qorunması və təbliği ilə məşğuluq.
Mədəniyyət isə bütün bəşəri birləşdirən sərhədsiz ortaq vətəndir. Artıq 80 yaşı olan muzeyimiz XII əsrdə yaşamış, lap çoxdan dünya ədəbiyyatının ən müstəsna klassiklərindən biri mərtəbəsinə ucalmış, əsərləri Qərbin və Şərqin əksər dillərinə tərcümə edilmiş, misilsiz yaradıcılığı ilə dünya mədəniyyətinə böyük təsir göstərmiş dahi Nizami Gəncəvinin adını daşıyır. Ömrü boyu doğulduğu qədim Azərbaycan şəhəri Gəncədən kənara çıxmasa da, ümumbəşəri idealları, insanlar və xalqlar arasında sülhü, dostluğu, bərabərliyi, ədaləti tərənnüm etmiş Nizami Gəncəvinin doğma şəhəri bu gün Ermənistan tərəfindən dağıdılır.
Ermənistan silahlı qüvvələrinin bu oktyabr günlərində Gəncəyə və dinc əhaliyə yönəltdiyi raket atəşləri yalnız günahsız insanların həyatını əlindən almayıb, yalnız onların evlərini dağıtmayıb. Nizaminin məqbərəsinin də yerləşdiyi Gəncə başdan-başa tarixdir. Oraya atılan bombalar və raketlər həm də mədəni irsin nadir incilərini məhv edir”, – deyə müraciətdə bildirilir.
Müraciətdə diqqətə çatdırılır ki, viran qoyulmuş ərazilərdə isə bizim daha 22 muzey, 6 rəsm qalereyası, 762 dünya və ölkə əhəmiyyətli mədəniyyət abidəsi, 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxana ermənilər tərəfindən dağıdılıb və qəsb edilib. Qeyd olunur ki, Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyona yaxın Azərbaycan insanı arasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşudbanu Natəvan adına Qarabağ filialının əməkdaşları da var. 1992-ci ildə erməni qəsbkarları həmin filialı dağıdıb, eksponatları qəsb ediblər.
“Dünyanın bütün tərəqqipərvər insanlarını, mədəniyyəti qoruyub yaşatmaq kimi nəcib amala xidmət edən sizləri, dünyanın bütün muzey işçilərini, mədəniyyət xadimlərini erməni təcavüzünə qarşı səsinizi qaldırmağa çağırırıq. İnsanlar və insanlıq, mədəniyyət və mənəviyyat əleyhinə olan bu qəddarlığın qarşısını almaq üçün bu gün sizin səsinizə, sizin dəstəyinizə, həmrəyliyinizə ehtiyacımız var. Bu həyəcanlı günlərdə sizə Nizami Gəncəvinin adını daşıyan və onun xatirəsini yaşadan muzeyin əməkdaşları olaraq müraciət edirik. Nizaminin söylədiyi kimi tarix və zaman unutmayacaq – nə sizin xeyirxahlığınızı, sülhsevər səylərinizi, nə də terrorizmi özünün dövlət siyasətinə çevirmiş işğalçı Ermənistanın insanlıq əleyhinə yönəlmiş cinayətlərini!”, – deyə müraciətdə vurğulanır.